×
A
A
A
Sazlamalar

İtalyan ekspert: Xocalıda qanlı cinayət törədənlər ədalət qarşısında cavab verməlidirlər

Roma, 26 fevral, AZƏRTAC

Xocalıda qanlı cinayət törədənlər ədalət qarşısında cavab verməlidirlər.
Bunu AZƏRTAC-a müsahibəsində İtaliyanın “Artcloud Network International” şirkətinin kreativ direktoru Fabrisio Konti deyib.
O, Xocalıda ermənilər tərəfindən törədilən vəhşiliklərin və hərbi cinayətlərin müasir tarixin ən qanlı səhifələrindən olduğunu bildirib. Vurğulayıb ki, cinayətkarların cəzalandırılması üçün beynəlxalq tribunalın yaradılması vacibdir.
Fabrisio Konti Azərbaycanın işğaldan azad etdiyi bölgələrə tez-tez səfər etdiyini, erməni vandallıqlarının şahidi olduğunu, azərbaycanlılara qarşı törədilən etnik təmizləmə və soyqırımı cinayətlərini şahidlərin dilindən eşitdiyini deyib.
Ekspert Qarabağdakı İşğal və Zəfər muzeylərinin təşkili üzrə fəaliyyət göstərdiyini, 30 illik erməni işğalı dövründə bu ərazilərin necə xarabalığa çevrildiyinin şahidi olduğunu bildirib. Vurğulayıb ki, Azərbaycan hökuməti bütün azad olunmuş ərazilərdə, o cümlədən Xocalıda geniş bərpa və yenidənqurma layihələri həyata keçirir: “Əminəm ki, bütün digər bölgələrin sakinləri kimi, Xocalı əhalisi də tez bir zamanda öz doğma yurdlarına qayıdacaq”.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xocalı faciəsi 2024-02-26 20:46:00