×
A
A
A
Sazlamalar

Neftçalada Xocalı faciəsi qurbanlarının xatirəsi silsilə tədbirlərlə anılıb

Neftçala, 26 fevral, Aydın Yavərzadə, AZƏRTAC

Ölkəmizin hər bir yerində olduğu kimi, Neftçala rayonunda da Xocalı faciəsi qurbanlarının xatirəsi dərin ehtiramla anılıb, soyqırımının 32-ci ildönümünə həsr edilən silsilə tədbirlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Neftçala şəhərinin mərkəzində yerləşən Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidə rayon icra hakimiyyətinin rəhbərliyi və məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, idarə və müəssisələrin rəhbərləri, din xadimləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunub, Xocalı qurbanlarının ruhuna dualar oxunub, abidə önünə gül dəstələri düzülüb.
Sonra “Xocalı soyqırımı” qurbanlarının xatirəsinə ağacəkmə aksiyası keçirilib.
Neftçala Dövlət Rəsm Qalereyasının təşkil etdiyi Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən rəsm sərgisinə baxış olub.
Tədbirdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə İsmayılova, əsirlikdə olan Yaşar Abduləliyev Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli, amansız faciəli səhifələrindən biri olduğunu, xalqımızın yaddaşına qara hərflərlə yazıldığını vurğulayıblar.
Otuz iki ildir ki, xalqımızın Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında yaşadığı vurğulanıb. Diqqətə çatdırılıb ki, artıq Xocalı şəhidlərinin ruhları şaddır. Xocalı və bütün digər rayonlarımız işğaldan azad olunub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Xocalı şəhərinin separatçılardan təmizləndiyi və 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev tərəfindən Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldıldığı diqqətə çatdırılıb.
Daha sonra Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi Biləsuvar rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Pəncərə” teatrı “Qisas” tamaşasını təqdim edib.

Xocalı faciəsi 2024-02-26 20:02:00