×
A
A
A
Sazlamalar

Respublika Gənclər Kitabxanasında Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Azərbaycan Ədəbiyyat Fondunun birgə təşkilatçılığı ilə “Xocalı mövzusu bədii ədəbiyyatda” adlı dinləmə təşkil edilib.
Kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən kitabxananın direktoru Aslan Cəfərov Xocalı soyqırımı haqqında məlumat verərək, 200 il ərzində Azərbaycan xalqının erməni qəsbkarları tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qaldığını bildirib. O, Xocalı soyqırımı qurbanlarının xatirəsinin bu gün qalib xalqın nümayəndəsi, Qələbə qazanmış Azərbaycan vətəndaşı kimi böyük ehtiramla yad etdiyini və bundan böyük qürur hissi keçirdiyini dilə gətirib.
Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri Varis Yolçuyev çıxışında Azərbaycan xalqının Zəfər qazandığı 44 günlük Vətən müharibəsindəki Qələbədən bəhs edən ədəbiyyat nümunələrinin yaradılmasının əhəmiyyətindən danışıb, bu sahədə ədəbiyyat nümayəndələrinə göstərilən dövlət qayğısından və dəstəyindən söz açıb. Bu ağlasığmaz faciənin dünyaya tanıdılması istiqamətində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin, xüsusilə də “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının əhəmiyyətini vurğulayaraq, bu kampaniya çərçivəsində işıq üzü görən və Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyatı və qəhrəmanlığından bəhs edən “Qırmızı ləçəklər” romanının yazılma tarixi barədə məlumat verib.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhrəmov Xocalı soyqırımının xalqımız tərəfindən unudulmadığını, aparılan tədqiqatlar nəticəsində üzə çıxarılan həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından söz açıb, Xocalı və digər soyqırımı cinayəti faktlarının orta və ali məktəb dərsliklərində verilməsinin, gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulayıb.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı yüzilliklərlə davam edən erməni terroru və soyqırımı siyasəti müəlliflərinin Azərbaycan xalqı qarşısında cavab verəcəklərini və öz cəzalarına çatacaqlarını bildirib.
Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Jalə Əliyeva iki əsrlik tarixə malik olan bu savaşda erməni vandallarının dövlətimizin ərazi bütövlüyünə, tarixinə, mədəniyyətinə, ədəbiyyatına qarşı təcavüzkar siyasət yürütdüklərini söyləyib. O, əliyalın, köməksiz, silahsız insanların, yaşlıların, uşaqların, qadınların kütləvi şəkildə qətlə yetirilməsini Xocalıda soyqırımı aktının törədildiyinin əyani sübutu olduğunu dilə gətirib. Anası şairə Nürəngiz Günün müəllifi olduğu “Xocalı simfoniyası” əsərinin Xocalıda şəhid olmuş insanların xatirəsinə həsr edilən sənət abidəsi olduğunu söyləyib, poemadan parçalar səsləndirib.
Tarixi romanların müəllifi Yunus Oğuz erməni qəsbkarları tərəfindən törədilən bir çox vəhşiliyin, etnik təmizləmə aktlarının bu gün də gizlədildiyini diqqətə çatdırıb.
AMEA Rəyasət Heyəti aparatı, vitse-prezidentlərin xidmətinin elmi katibi Tubuxanım Qasımzadə Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılmasından, beynəlxalq aləmdə bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən layihələrdən danışaraq, bu istiqamətdə gənclərin rolunu vurğulayıb.
Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi yanında İctimai-Siyasi Sənədlər Arxivinin şöbə müdiri Lamiyə Həsənova, BDU-nun müəllimi Fəxriyyə İsayeva çıxışlarında tarixi faktların araşdırılması, həqiqətlərin beynəlxalq müstəvidə təbliği yönündə dövlət arxivlərinin əhəmiyyətindən söz açıb, “Unutmayaq, unutdurmayaq” fikrini rəhbər tutaraq, Xocalı soyqırımının əsrlər keçsə belə, yaddaşlardan silinməyəcəyini, faciə qurbanlarının xatirəsinin daim uca tutulacağını bildiriblər.
Tədbirdə kitabxana əməkdaşlarının Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar hazırladıqları elektron məlumat bazası və videomaterial nümayiş etdirilib.

Xocalı faciəsi 2024-02-26 19:56:00