×
A
A
A
Sazlamalar

Bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdır – Əlyazmalar İnstitutunda tədbir

Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdır!” adlı anım tədbiri keçirilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri açan elmi katib dosent Əzizağa Nəcəfzadə xalqımızın başına gətirilən faciələr haqda danışıb, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq Xocalı şəhərinə hücum etdiyini və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutduğunu qeyd edib. Xocalı qətliamının Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olduğunu vurğulayan alim soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxsin qətlə yetirildiyini, 487 dinc sakinin ağır yaralandığını, 1275 nəfərin isə girov götürüldüyünü diqqətə çatdırıb. Bildirib ki, ermənilərin törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanis Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüz nəticəsində 20 faizə qədər işğal edilmiş əzəli Azərbaycan torpaqlarımız 44 gün sürən döyüşlər nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildi.
Daha sonra Əlyazmalar İnstitutunun doktorantı, Əlyazmaların elektron resurslar şöbəsinin baş biblioqrafı Vüqar Hacıyevin “Xocalı faciəsi şahidlərin dili ilə” mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə professorlar Kamandar Şərifov, professor Raqub Kərimov və Tahirə Həsənzadə məruzə ətrafında çıxış edərək son 200 il ərzində erməni şovinistlərinin Azərbaycan xalqına və dövlətinə qarşı etnik təmizləmə, işğalçılıq siyasəti həyata keçirmələrinə baxmayaraq Prezident İlham Əliyevin diplomatik məharəti, Azərbaycan Ordusunun peşəkarlığı və xalqımızın Ali Baş Komandan ətrafında dəmir yumruq kimi birləşməsi sayəsində haqq-ədalətin nəhayət bərqərar olduğunu vurğulayıblar, ərazi bütövlüyümüz uğrunda canından keçən bütün şəhidlərimizə, eləcə də Xocalı soyqırımı qurbanlarına Alladan rəhmət diləyiblər.
Sonda tədbir iştirakçıları Əlyazmalar İnstitutu Kitabxanasının hazırladığı “Xocalı harayı” mövzusunda sərgi ilə tanış olublar.

Xocalı faciəsi 2024-02-26 19:44:00