×
A
A
A
Sazlamalar

Coğrafiya İnstitutunda Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Bakı, 26 fevral, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi müəssisənin baş direktoru professor Zakir Eminov çıxış edərək Xocalı soyqırımının XX əsr dünya tarixinin ən qanlı cinayəti olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, tarix boyu ermənilər azərbaycanlılara qarşı olmazın cinayətlər törədib, kütləvi şəkildə və ya tək-tək də olsa onları qırmağa çalışıb, doğma torpaqlarından didərgin salıblar. Ermənilər bütün bunları havadarlarının dəstəyi ilə həyata keçiriblər. Tarixdən nəticə çıxarmaq hər kəsin borcudur.
İnstitut rəhbəri vurğulayıb ki, 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağın şəhər və yaşayış məntəqələri kimi Xocalı da separatçılardan təmizləndi və burada Azərbaycanın Dövlət Bayrağı ucaldıldı. Bununla da Xocalı qurbanlarının qisası alındı, şəhidlərimizin qanı yerdə qalmadı.
Sonra institutun Həmkarlar İttifaqı Təşkilatının sədri Kamran Ramazanlı “Tarixin ibrət dərsi – Xocalı!” mövzusunda məruzə edib. O, çıxışında Xocalı faciəsinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun, 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının rolunu xüsusi qeyd edib.
Anım tədbirində şöbə müdirləri Şamil Əzizov və Müseyib Yunusov, aparıcı elmi işçi Etibar Bədəlov və digərləri çıxış ediblər.
Sonda Xocalı faciəsini əks etdirən videoçarx nümayiş etdirilib.

Xocalı faciəsi 2024-02-26 19:25:00