×
A
A
A
Sazlamalar

ADA Universitetinin Fondu Xocalı soyqırımında həlak olan 63 uşağın xatirəsini əbədiləşdirmək üçün 63 ağac əkib

Bakı, 26 fevral, AZƏRTAC

ADA Universiteti, Universitetin Fondu (ADAF) və “Coca-Cola” Fondunun birgə təşkilatçılığı ilə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin boş həyətyanı sahəsində Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Aksiyada ADA Universitetinin könüllü tələbələri, müəllim və işçi heyəti, o cümlədən məktəbin şagirdləri iştirak ediblər.
ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində Xocalı soyqırımında həlak olan 63 uşağın xatirəsini əbədiləşdirmək məqsədilə 63 meyvə ağacı əkilib. Hər bir ağaca şəhid uşaqların adı verilib.
Aksiyanın məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, əkilən çeşidli meyvə ağaclarında faciənin qurbanı olan körpələri yaşatmaq, böyütmək və bəhrəsini görməkdir.
ADAF-ın Sponsorluq layihələri şöbəsinin müdiri Firuzə İsmayıl Əliyeva qeyd edib ki, ADA Universiteti Fondunun əsas tərəfdaşlarından olan “Coca-Cola” Fondu vasitəsilə həyata keçirilən bu layihə Xocalı şəhidlərinin adını əbədiləşdirir, onların xatirəsini yaşadır. Əlavə edib ki, buradakı ağaclar bar verdikcə ondan bəhrələnən bu məktəbin şagirdləri təbiət və cəmiyyətə qarşı məsuliyyətlərini bir daha xatırlayacaqlar.
11 nömrəli məktəbin direktoru Gülnarə Abdullayeva məktəbin sözügedən layihədə iştirakı ilə bağlı məmnunluğunu ifadə edərək vurğulayıb ki, bu layihə məktəblə universitet arasındakı əlaqələrin vacibliyinə nümunədir. Bu gün baş tutan ağacəkmə kampaniyası sosial məsuliyyətli vətəndaş yetişdirmək üçün ilk addımların elə məhz məktəbdən atılmasının vacib olduğunu hər kəsə bir daha xatırladır.

Xocalı faciəsi 2024-02-26 18:04:00