×
A
A
A
Sazlamalar

Şamil Sabiroğlu: Xocalı şəhərinin düşməndən azad olunması və bayrağımızın orada ucaldılması bütün xocalılıları qürurlandırıb

Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin 20 il ərzində Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə imzaladığı sərəncamlar, verdiyi tapşırıqların lazımi bəhrəsini gördük. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Qarabağın işğal edilən ərazilərinin böyük əksəriyyəti düşmən tapdağından azad olundu. Ötən il sentyabrın 19-20-də aparılan lokal xarakterli antiterror tədbirləri zamanı isə Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələrin tərksilah edilməsi məsələsi həllini tapdı. Qarabağda yaşamış ermənilərə təklif olundu ki, Azərbaycan vətəndaşlığını qəbul etsinlər.

İlham Əliyevin dövlət başçısı seçilməsinin iyirminci ildönümü günündə Xankəndi, Xocalı şəhərlərinə, Xocalı rayonunun Əsgəran və Kərkicahan qəsəbələrinə, həmçinin Ağdərə rayonunun ərazisindəki “Sərsəng” Su Anbarına Azərbaycanın ay-ulduzlu bayrağı ucaldıldı. Beləliklə də, düşmən tapdağındakı ərazilərimiz separatçılardan tam xilas olundu. Prezident İlham Əliyevin oktyabrın 15-də Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Əsgəran qalasında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması bütün soydaşlarımızı, o cümlədən xocalılıları qürurlandırıb.
“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin həmtəsisçisi, müharibə veteranı, jurnalist Şamil Sabiroğlu Xocalı şəhərinin azadlığa qovuşması ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşüb.

Xocalı sakinləri şəhərin azad olunmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını çatdırırlar

O deyib ki, rəhbərlik etdiyi təşkilatın fəalları soyqırımın tanıdılması məqsədilə müxtəlif tədbirlər keçirir. Onunla ünsiyyətlə olan insanlar Xocalının və digər ərazilərin azad olunmasına görə sevindiklərini bildirirlər. Eləcə də Ermənistan ordusu üzərində tarixi qələbənin qazanılmasında və işğal olunan ərazilərin düşmənlərdən təmizlənməsinə görə Prezident İlham Əliyevə mətbuat vasitəsilə Xocalı rayon sakinləri adından xüsusi minnətdarlıqlarının çatdırılmasını xahiş edirlər. Onların arasında Azərbaycanın Milli qəhrəmanlarının yaxınları, övladları, həmçinin şəhidlərin həyat yoldaşları və övladları, Xocalı soyqırımı zamanı doğmalarını itirmişlər və başqaları var.

Şamil Sabiroğlu xatırladıb ki, erməni silahlı birləşmələri Xocalı şəhərini 1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğal edib. Erməni işğalçıları Xocalıda Azərbaycan xalqına qarşı tarixin ən qanlı soyqırımlarından birini törədib. Şəhərə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Erməni silahlıları Xocalı şəhərini yerlə yeksan ediblər. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilib, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Xocalının 5 379 sakini şəhərdən zorakılıqla qovulub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Yeddi min əhalisi olan Xocalı şəhəri Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da Xocalıda olub. XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın göstərişi ilə tikilən Əsgəran qalası isə Azərbaycan memarlığının parlaq nümunələrindəndir. Qala Şuşadan 24, Xocalıdan isə 5 kilometr məsafədədir.

Xocalı şəhərində Azərbaycan Bayrağı dalğalandı, faciə qurbanlarının qanı yerdə qalmadı

Xocalı şəhəri 31 il sonra 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin həmtəsisçisi kimi tədbirlərdə fəal iştirak edən Şamil Sabiroğlu diqqətə çatdırıb ki, Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələr indiyədək qalmaqdadır. Xocalının yaxınlığında bizim eradan əvvəl XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekropollar tapılıb. Həmçinin burada memarlıq abidələri - dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və sair tapılıb. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim eradan əvvəl 807-788-ci illər) adı yazılıb. Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olub. Şəhərdə toxuculuq fabriki, iki orta məktəb və iki natamam orta məktəb vardı. Son illərdə baş vermiş hadisələrlə əlaqədar Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri bu şəhərdə məskunlaşmışdı.

“Xocalı soyqırımı gözlərim önündə baş verib”

“Xocalı soyqırımı mənim gözlərim önündə baş verib. Mən həmin günlərin canlı şahidlərindənəm. O zaman Bakıda nəşr edilən “Səhər” gündəlik informasiya qəzetinin Qarabağ bölgəsi üzrə müxbiri idim. Soyqırımı haqqında Azərbaycan mətbuatına ilk məlumatı verən jurnalistlərdən biriyəm, Xocalı ilə bağlı çoxlu fotolarım var. Təəssüf ki, həmin faciəni yaşamaq özümə də nəsib oldu. 1991-ci il noyabrın 1-dən etibarən indiki Əsgəran qəsəbəsində beton plitələrlə magistral yolu bağlayan erməni terrorçuları Xocalı və Şuşa istiqamətində yola nəzarəti tam ələ keçirmişdilər. Qəzetlərdə dəfələrlə qeyd etmişdim ki, Ağdam-Əsgəran-Xocalı-Şuşa yolu açılmasa vəziyyət çox gərgin olacaq. Təəssüflər olsun ki, o zamankı Rusiya rəhbərləri erməni terrorçularını müdafiə edirdilər. Fevralın 26-na keçən gecə erməni terrorçuları dinc əhaliyə aman vermədilər. İnsanlar o zaman pənah yeri kimi Ağdama gedirdilər. Soyqırımı baş verən gecə biz Ağdamdaydıq. Gecə saat 11-11:30 radələrində Ağdam rayonunun Şelli kəndi - Qaraqaya istiqamətindən gələn xocalılıları qarşıladıq. Ermənilər yolda, meşəlikdə və digər ərazilərdə onların başına çox böyük müsibətlər açdılar. Dəhşətli mənzərə idi: qarlı-şaxtalı havada insanların çoxu başıaçıq, ayaqyalın idi.

Milli Qəhrəman Allahverdi Bağırovun rəhbərlik etdiyi tabor 1300 Xocalı sakininin meyitini, yaralını ərazidən götürdü

Biz, ertəsi gün daha irəli hərəkət etdik, meşələrdə inləyən yaralıları xilas etdik, həmçinin meyitlərin Ağdam məscidinə gətirilməsinə yardımçı olduq. Dəfələrlə söyləmişəm: Biz, Ağdamda olan könüllü döyüşçülərə, rayon əhalisinə, həmçinin cəsur komandir, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun rəhbərlik etdiyi taborun şəxsi heyətinə minnətdar olmalıyıq. Çünki o vaxt Ağdamdakı insanların bu vəhşiliyi törədənlərə qarşı ayağa qalxması ölənlərin sayının daha da çox olmasının qarşısını aldı. Allahverdi Bağırovun rəhbərliyi ilə 1300 Xocalı sakinin meyitinin, yaralının ərazidən götürülməsi və təhvil verilməsi o vaxtlar böyük cəsarət tələb edirdi.
Onlar sağ qalan xocalılıların xilas edilməsinə çalışdılar. Fevralın 26-sı axşam Ağdam Rayon Rabitə Qovşağı vasitəsilə redaksiya rəhbərliyi ilə əlaqə saxladım. Baş verən faciə barədə məlumat verdim. Ertəsi gün “Səhər”in sərlövhəsində Xocalı şəhərinin işğal olunması barədə məlumat dərc edildi. O zamankı Azərbaycan hakimiyyəti bizi qınadı. Çünki rəsmi xəbərdə cəmi iki nəfərin öldüyü, Xocalının işğal edilmədiyi bildirilmişdi. Mən Əsgəran istiqamətində və Ağdamda lentə alınan bəzi fotoları Bakıya göndərdim. Qısa müddətdə Azərbaycan ictimaiyyəti həqiqətən də Xocalının işğal edilməsi barədə məlumat aldı”, - deyə müharibə veteranı vurğulayıb.

Hazırda kədərlə yanaşı, qürur hissləri də yaşanır, çünki Rəşadətli Ordumuz dörd il əvvəl Qarabağı düşməndən azad edib

Jurnalist Şamil Sabiroğlu qeyd edib ki, tariximizin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımının ildönümündə - hər il fevralın 26-da Bakının Xətai rayonundakı Xocalı soyqırımı abidəsinin önündə böyük izdiham yaşanır. Minlərlə insan, o cümlədən Qarabağ müharibəsi veteranları, hər yaşda olan insanlar, Xocalı sakinləri, məktəblilər abidənin önündən keçərək faciə qurbanlarının xatirəsini sonsuz kədər hissi ilə anırlar: “Məqsəd beynəlxalq ictimaiyyətin diqqətini bu dəhşətli faciəyə, bəşəri cinayətə yönəltməkdir. Dünyanın gözü qarşısında baş vermiş bu qətliam beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı kimi tanınmalıdır. Uzun illərdir ki, Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparır. Bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Milli Məclis Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.

Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Eləcə də Xocalı həqiqətlərinin beynəlxalq aləmdə yayılması, bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atılır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb.
Hazırda kədərlə yanaşı, qürur hissləri də yaşanır. Rəşadətli Ordumuz dörd il əvvəl Qarabağı düşməndən azad edib. Ölkəmizin ərazi bütövlüyü bərpa olunub, şəhidlərimizin, eləcə də Xocalı qətliamı qurbanlarının qisası alındı”.

Cəmiyyət 2024-02-26 17:55:00