×
A
A
A
Sazlamalar

Ər-Riyadda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımı qurbanlarının xatirəsi Ər-Riyad şəhərində anılıb.
AZƏRTAC xəbər verir ki, Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində anım mərasimi təşkil olunub. Tədbirdə paytaxt Ər-Riyad şəhərində yaşayan soydaşlarımız və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər. Səudiyyə Ərəbistanının regionlarında, habelə səfirliyin akkreditə olunduğu Bəhreyn Krallığında və Oman Sultanlığında yaşayan həmvətənlərimiz tədbirə virtual formatda qoşulublar.
Mərasim iştirakçıları Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin, o cümlədən Xocalıda qətlə yetirilən günahsız insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərindən biri olan və Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik zəmində nifrət və soyqırımı siyasətinin bariz nümunəsi sayılan Xocalı qırğını haqqında tədbir iştirakçılarına geniş məlumat verilib. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində yenilməz Ordumuz 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə misilsiz qəhrəmanlıq dastanı yazdı. 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri də separatçılardan təmizləndi. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ötən il oktyabrın 15-də Xankəndində, Xocalıda və digər ərazilərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması Zəfər salnaməmizə həkk olundu.
Tədbirdə builki anım mərasimində kədərlə yanaşı, qürur hisslərinin də yaşandığı, rəşadətli Ordumuzun Qarabağı düşməndən azad etdiyi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğu, şəhidlərimizin, eləcə də Xocalı qətliamı qurbanlarının qanının yerdə qalmadığı vurğulanıb. Diqqətə çatdırılıb ki, Xocalının azad edilməsi Azərbaycan xalqının gücünü və birliyini təcəssüm etdirdiyi kimi, soyqırımı qurbanlarına vəfa borcunu da yerinə yetirib.
Mərasimdə qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri zamanı Xocalı rayonunun ərazisində üzə çıxarılan kütləvi məzarlıqdakı insan qalıqlarının üzərində işgəncə izlərinin aşkarlanması soyqırımının miqyasını bir daha nümayiş etdirir. Tədbirdə Xocalı qətliamının dünyanın 17 ölkəsinin qanunvericilik orqanı, ABŞ-ın 26 ştatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən soyqırımı aktı kimi qiymətləndirildiyi vurğulanıb.
Daha sonra Səudiyyə Ərəbistanında yaşayan azərbaycanlı həkim Vüqar Süleymanov Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüb.
Tədbir çərçivəsində iştirakçılar Xocalı soyqırımı ilə bağlı hazırlanmış fotosərgi ilə tanış olublar. Həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanatı Səudiyyə Ərəbistanı, Bəhreyn və Omanın xarici siyasət idarələrinə, habelə yerli media orqanlarına göndərilib.

Xocalı faciəsi 2024-02-26 17:56:00