×
A
A
A
Sazlamalar

Polimer Materialları İnstitutunda Xocalı soyqırımına həsr olunan tədbir keçirilib

Bakı, 26 fevral, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Elmi şuranın genişləndirilmiş iclası keçirilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
İclası institutun baş direktoru professor Bəxtiyar Məmmədov açaraq Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu bildirib. Bu gün Azərbaycan xalqının formalaşan yeni reallıqlar mühitində inamla öz inkişafının növbəti mərhələsinə qədəm qoyduğunu, bu il ilk dəfə Xocalı soyqırımının 32-ci ildönümündə xalqımızın Xocalı şəhidlərinin xatirəsini qürurla yad etdiyini, Azərbaycanın hər yerində, o cümlədən Xocalı şəhərində üçrəngli bayrağımızın dalğalandığını söyləyib.
Sonra institutun elmi katibi dosent Solmaz Rzayeva 1992-ci ilin fevralında törədilmiş Xocalı soyqırımından danışıb, mühüm tarixi faktları qeyd edib. O, Azərbaycanın Milli qəhrəmanlari Əlif Hacıyevin, jurnalist Çingiz Mustafayevin şücaətlərindən danışıb. Həmçinin bu faciənin dünyaya çatdırılması istiqamətində görülən tədbirlərdən söz açıb.
Daha sonra Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Ülviyyə İsmayılova və Sevda Abdalova, Təchizat və xidmət şöbəsinin iş icraçısı Şəmsəddin Hüseynov çıxış ediblər. Onlar bu soyqırımının əsrin ən dəhşətli faciələrindən biri və xalqın sağalmayan yarası olduğunu vurğulayıblar.

Xocalı faciəsi 2024-02-26 17:47:00