×
A
A
A
Sazlamalar

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Tbilisidə tanıtım aksiyası keçirilib

Tbilisi, 26 fevral, AZƏRTAC

Fevralın 26-da Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Tbilisidə tanıtım aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, üzərində Xocalı soyqırımının və Qələbəmizin rəmzlərindən ibarət məlumatlandırıcı lövhələr quraşdırılmış avtomobil Tbilisinin mərkəzi küçə və prospektləri boyunca hərəkət edib.
Avtomobilin üzərində quraşdırılmış elektron lövhələrdə Xocalı abidəsi, xarıbülbül, badam gülü və “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ilə bağlı məlumat toplusu əks olunub.
Avtomobil axşam saatlarında şəhər sakinlərinin və turistlərin daha çox toplaşdıqları küçələrdən çox aşağı sürətlə hərəkət edib.
Əhali avtomobilin üzərində quraşdırılmış lövhələrdəki məlumatları və rəmzləri rahat izləyə və oxuya bilib.
Məlumatlar gürcü və ingilis dillərində olub.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xocalı faciəsi 2024-02-26 17:25:00