×
A
A
A
Sazlamalar

Tələbə gənclər Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı tədbirlər keçirib

Bakı, 26 fevral, AZƏRTAC

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılan “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində minlərlə tələbənin iştirakı ilə Xocalı faciəsinə həsr olunmuş tədbirlər reallaşdırılır. Bu xüsusda Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və üzv Tələbə Gənclər Təşkilatları (TGT) fevralın 21-dən 26-na kimi “Qayıtmışıq, Xocalı!” həftəsi çərçivəsində silsilə tədbirlər keçirib.
ATGTİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həyata keçirilən müxtəlif istiqamətli layihələr, yürüşlər, konfranslar, fləşmoblar fonunda tələbələr XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Belə ki, ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən ayrı-ayrı TGT-lər tərəfindən həftə ərzində tədbirlər keçirilib. Bakı, Sumqayıt və regionlar da daxil olmaqla 50 təhsil müəssisəsində “Xocalıya qayıtdıq!”, “Unudulmaz tarixlərdə Bu gün!”, “Vətənimə gedən yol”, “Biz qayıtmışıq!”, “26 fevral - Qan yaddaşımız”, “Tarixin dəhşət səhifəsi”, “Beynəlxalq hüquqda - Xocalı”, “Unudulmaz acıların xatırlanışı”, “Azadlıq Günəşi!” adlı forum, konfrans, tamaşa və ədəbi bədii gecələr təşkil olunub.
Vətənpərvərlik, mədəniyyət, kino, tarix, yaradıcılıq tələbə klublarının təşkilatçılığı ilə “Xocalı soyqırımı şəhidlərin izi ilə!” tədbiri, “Soyqırımı həqiqətləri” adlı görüş, “XOCA” filminin nümayişi, “Xocalı - rəssam tələbələrin gözü ilə!”, “Son xatirə” videoçarxı, “Azərbaycanın səsi” internet aksiyası kimi müxtəlif formatda sərgi, ekskursiya, maarifləndirmə aksiyası, film nümayişi, videolayihələr reallaşıb. Burada məqsəd Xocalı ilə bağlı həqiqətlərin tələbə gənclərə aşılanması və vətənpərvər ruhun yüksəldilməsi olub.
Həftə çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə 5000 nəfəri əhatə edən TGT fəalları tərəfindən “NEVER FORGET!” adlı fləşmob və Azərbaycan Milli Konservatoriyasında isə “Qayıtmışıq, Xocalı!” adlı ədəbi-bədii tədbir keçirilib. Bununla yanaşı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü və təşkilatçılığı ilə paytaxt Bakıda aparıcı gənclər təşkilatlarının nümayəndələri, TGT fəalları və tələbələrin iştirakı ilə “Ana harayı” abidəsinə kütləvi yürüş təşkil edilib.
Bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qalib xalq olmağın qürurunu yaşayan müasir Azərbaycan gəncliyi anlayır ki, Xocalı soyqırımını törədən cinayətkarların cəzalandırılması, faciə barədə beynəlxalq ictimaiyyətin dolğun və düzgün məlumatlandırılmasında hər birimiz fəal olmalı, bunun üçün əlimizdən gələni əsirgəməməliyik.

Xocalı faciəsi 2024-02-26 17:00:00