×
A
A
A
Sazlamalar

İfşa edən Xocalı - elmi sessiya

Bakı, 26 fevral, AZƏRTAC

Fevralın 26-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı faciəsinin 32-cü ildönümünə həsr olunmuş “İfşa edən Xocalı” mövzusunda elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, elmi sessiyanı açan muzeyin direktoru akademik Rafael Hüseynov “Xocalı dərdi, Xocalı dərsi” mövzusunda məruzəsini diqqətə çatdırıb.
Akademik bu gün Xocalıda Azərbaycan Bayrağının ucaldığını, Xocalı torpağının azadlığını vurğulayıb, onun ağ günlərinin hələ qarşıda olduğunu söyləyib:
“1992-ci ilin 26 fevral gecəsi artıq tarixin dünənində qalıb. Xocalı üçün də artıq səhər açılıb. Orada yenidən həyat çağlayacaq, quruculuq işləri görüləcək, toylar olacaq. Həyat əvvəlkindən daha gözəl axara düşəcək. Ancaq 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə orada cinayəti törədənlər üçün həmin gecə heç vaxt bitməyəcək. O gecə bir məşum yuxu kimi onlar üçün həmişə davam edəcək. Çünki dünya boyu ən müxtəlif ölkələrdə tarixin ayrı-ayrı dövrlərində soyqırımlar olub. Ancaq soyqırımların heç biri tarixin dünənində qalmır. Soyqırımı cinayəti müddəti olmayan cinayətdir. Soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir. İnsanlığa qarşı törədilmiş cinayətlər sırasında Xocalının ayrıca yeri var".
Akademik Rafael Hüseynov Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırıldığını söyləyib. O bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əks-sədası dünyanın ən müxtəlif ölkələrində eşidilib və bundan sonra da eşidiləcək: “Geci-tezi var, Nürnberq prosesinə bənzəyən məhkəmə mütləq qurulacaq. Ədalət divanına bu cinayəti törədənlərin hamısı çəkiləcək. Bu siyasətin arxasında dayanan erməniçilik və erməniçiliyə dəstək verənlər mütləq cavab verəcəklər. Xocalı həmişə dərs olaraq qalacaq. Xocalı faciəsi dünya üçün XX əsrin sonunda, yeni zamanın başlanğıcında insanlığa qarşı törədilən vəhşilik kimi yadda qalacaq. Bu vəhşilik erməniçiliyin iç üzünü açan mənzərədir. Düşünürəm ki, dünya ölkələrində Xocalıya ədalət gedişatı daha geniş vüsət aldıqca erməniçiliyin iç üzü daha artıq açılacaq və Xocalı ən ibrətli dərslərdən biri olaraq yaddaşlarda qalacaq”.
Rafael Hüseynov rəhbəri olduğu muzeydə Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən işləri diqqətə çatdırıb: “Muzeydə adətən Qarabağ hadisələri ilə əlaqədar arxada qalan on illər boyunca həmişə elmi sessiyalar keçirilib.
Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvanın adını daşıyan Qarabağ filialı var idi. Bu filial məcburi köçkün vəziyyətində olan muzeyə çevrilmişdi.
Biz bu tədbirləri keçirən zaman dünyanın müxtəlif ölkələrindəki muzeylərə məktublar göndərirdik ki, dünyada rahat şəraitdə işini davam etdirən muzeylərlə yanaşı, bizim işçiləri köçkünə çevrilmiş, eksponatları oğurlanmış muzeyimiz işğal olunmuş ərazidə qalıb. Biz Qarabağ hadisələrini daima diqqətdə saxlayırıq. Xocalı soyqırımı ilə bağlı muzeyimizdə hər il tədbirlər keçirilir. Bunlar sadəcə anma mərasimləri deyil, elmi sessiyalara çevrilir. Tədqiqatçılarımız Xocalı faciəsinin bilinməyən tərəflərini araşdırıb elmi məruzələr hazırlayırlar. Düşünürəm ki, bunlar gələcəkdə sanballı kitaba çevrilərək müxtəlif dillərə tərcümə olunacaq və Xocalı həqiqətlərinin dünyaya çatdırılması işinə kömək edəcək”.
Daha sonra muzeyin ekspozisiya şöbəsinin müdiri Tomiris Babanlı “Çağdaş ədəbiyyatda Xocalı faciəsi” adlı məruzəsini təqdim edib. Tomris Babanlı diqqətə çatdırıb ki, tarixdə analoqu olmayan Xocalı soyqırımı xalqımızın yaşadığı ən ağlasığmaz faciələrdən biri kimi hər il anılır. Bütün bu amansız, dəhşətli vəhşiliklər gələcək nəsillərə ədəbi əsərlər vasitəsilə ötürülərək düşmənə qarşı barışmaz olmağı, daim ayıq-sayıq olmağı təlqin etmək yolunda ən yaxşı vasitədir: “Bu faciəni əks etdirən ədəbi-bədii əsərlər xalqın yaddaşının oyaq qalmasına xidmət edir, tarixin kədərli və şərəfli dərslərini gələcək nəslə öyrətmək, eyni zamanda, ötürmək missiyasını daşıyır”. O, bu qətliama Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Nəbi Xəzri, Qabil, Zəlimxan Yaqub, Cabir Novruz, Nurəngiz Gün, Məmməd Aslan, Ənvər Əhməd, Ələmdar Quluzadə və başqa şairlərin yaradıcılığında yer verildiyini, onların dəyərli bədii nümunələr yaratdıqlarını qeyd edib. Məruzəçi, eyni zamanda, bu şairlərin əsərlərindən nümunələri elmi sessiya iştirakçılarının diqqətinə çatdırıb.
Elmi sessiyanın növbəti məruzəsi “Xocalı həqiqətlərini əks etdirən Memorial Soyqırımı Muzeyi” mövzusunda olub. Məruzəni təqdim edən muzeyin Komparativistika və bədii tərcümə şöbəsinin elmi işçisi Zarema İbrahimova 2014-cü il fevral ayının 24-də Respublika Hərbi Prokurorluğunda yaradılmış Memorial Soyqırımı Muzeyindən danışıb. O qeyd edib ki, əsrlər boyu xalqımıza qarsı törədilən qanlı hadisələrlə bağlı tarixi sənədlər, soyqırımı ilə bağlı aparılan cinayət işlərinin nüsxələri, hadisə yerinə baxış protokolları, fotoşəkillər Muzeydə toplanılıb və nümayiş olunur. Zarema İbrahimova, həmçinin diqqətə çatdırıb ki, Muzey “Tarix”, “Deportasiya-repressiya”, “Soyqırımı”, “Terror” adlandırılan bölmələrdən ibarətdir.

Xocalı faciəsi 2024-02-26 16:59:00