×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının xatirəsi Sofiya şəhərində anılıb

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycanın Bolqarıstandakı səfirliyi Sofiyanın mərkəzi məscidində bu ölkənin Baş Müftiliyi ilə birgə Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Bolqarıstanın Baş müftisi mərasimdə iştirak edən yüzlərlə insan qarşısında söylədiyi xütbədə Xocalı soyqırımı kimi kütləvi qırğınların gələcəkdə təkrarlanmaması üçün insanların günah əməllərdən çəkinməsinin önəmini vurğulayaraq Azərbaycanın bütün şəhidlərinin ruhuna dualar oxuyub.
Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən Sofiyanın mərkəzi məscidinin ətrafında Xocalı soyqırımı ilə bağlı müvafiq posterlər yerləşdirilib və ehsan süfrəsi açılıb. Bundan əlavə, Xocalı soyqırımı ilə bağlı həqiqətlər Bolqarıstan mətbuatında da işıqlandırılıb. Məqalələrdə bir vaxtlar çiçəklənən və 7 min nəfər əhalisi olan Xocalı şəhərinin erməni işğalçılar tərəfindən bir gecədə qəddarlıqla məhv edildiyi, 613 nəfərin vəhşicəsinə qətlə yetirildiyi, 5379 nəfərin zorla didərgin salındığı, 1275 nəfərin əsir götürüldüyü barədə həqiqətlər bolqar oxucuların diqqətinə çatdırılıb. Bu cinayətin Ermənistan tərəfindən həyata keçirilməsinin faktlarla sübuta yetirildiyi, beynəlxalq birlik, o cümlədən Bolqarıstan parlamenti tərəfindən Xocalı soyqırımını pisləyən qətnamə və bəyanatların qəbul edildiyi vurğulanıb. Məqalələrdə, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaqla Azərbaycanın heç də intiqam hissi ilə yaşamadığı, ədalətə və gələcəkdə belə halların baş verməməsinə nail olmağı hədəflədiyi bəyan edilib.



Xocalı faciəsi 2024-02-26 16:45:00