×
A
A
A
Sazlamalar

Kiyevdə Xocalı soyqırımı qurbanları anılıb

Kiyev, 26 fevral, AZƏRTAC

Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Ukrayna Müsəlmanları Dini İdarəsində Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə anım tədbiri keçirilib və ehsan süfrəsi açılıb.
AZƏRTAC xəbər verir ki, Kiyevin ən böyük məscidində keçirilən mərasimdə səfirliyin diplomatları, diaspor fəallarımız, soydaşlarımız, dini xadimlər iştirak ediblər.
Anım tədbiri şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Ukrayna Müsəlmanları Dini İdarəsinin sədri, Ukraynanın müftisi Şeyx Əhməd Təmim və digər dini xadimlər tərəfindən Xocalı soyqırımında şəhid olanların əziz xatirəsinə müqəddəs kitabımız olan “Qurani Kərim”dən ayələr və “Yasin” surəsi oxunub.
Daha sonra çıxış edən Azərbaycanın Ukraynadakı səfirliyinin birinci katibi Fərid Babayev Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Xocalı soyqırımı artıq dünya ictimaiyyəti tərəfindən tanınıb və bu proses davam edir. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç bir bəraət yoxdur və ola da bilməz. Bu, Azərbaycan xalqına qarşı törədilən əsl soyqırımı idi.
“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz Xocalı qurbanlarının qisasını döyüş meydanında aldı. Bu gün artıq Xocalıda yenidənqurma və bərpa işləri həyata keçirilir”, deyə Fərid Babayev əlavə edib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

 

 

Xocalı faciəsi 2024-02-26 16:37:00