×
A
A
A
Sazlamalar

Qırğız nəşri: Xocalı soyqırımında əli olanlar tarix məhkəməsi qarşısında cavab verəcəklər

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı və bütün Qarabağ bölgəsində baş verən hadisələr unudulmaz tarixi dərsdir. Həlak olanların ruhlarının sakitlik tapması bizim borcumuzdur. Azərbaycan xalqı davamlı və uzunmüddətli sülhə sadiqdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilovun “Veçerni Bişkek” nəşrində dərc olunmuş məqaləsində deyilir.
Məqalə müəllifi yazır ki, Xocalı 1988-ci ildə erməni separatçılarının əsassız tələbləri ilə başlayan və keçmiş SSRİ-nin mərkəzi hakimiyyət orqanları tərəfindən dəstəklənən Qarabağ münaqişəsi tarixinin ən qanlı səhifəsi olub. Həmin gün (1992-ci il fevralın 25-dən 26-na keçən gecə – red.) erməni silahlı birləşmələri Xocalı şəhərini mühasirəyə alaraq dinc əhaliyə qarşı xüsusi amansızlıqla qırğınlar törədiblər.
Diplomat yazır: “Şəhərə hücumdan əvvəl silahlardan və ağır hərbi texnikadan kütləvi artilleriya atəşi açılıb. 3500-ə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb. Təəssüf ki, hamı qaça bilməyib. 613 nəfər, o cümlədən uşaqlar, qadınlar və qocalar öldürülüb, 150 nəfər itkin düşüb, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər girov götürülüb, 25 uşaq yetim qalıb, daha 132 nəfər valideynlərindən birini itirib. Nəzərə alsaq ki, 150 nəfər hələ də itkin düşmüş hesab olunur, 1275 nəfər girov götürülüb, 487 nəfər isə əlil olaraq dünyasını dəyişib, o zaman faktiki olaraq qurbanların ümumi sayı 2500 nəfərdən çox olub”.
Materialda Xocalı soyqırımında ermənilərin və onların əlaltılarının əməllərinin insan hüquqlarının, Cenevrə Konvensiyasının, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın, Fövqəladə Hallar və Hərbi Münaqişələrdə Qadınlar və Uşaqların Müdafiəsi haqqında Bəyannamənin kobud şəkildə pozulması olduğu vurğulanır.
Azərbaycan diplomatının sözlərinə görə, dünya ictimaiyyəti 30 ildir ki, erməni separatçılarının qanunsuz əməllərini sakitcə izləyir və bununla da onları daha da cəsarətləndirir, tərəfləri razılığa dəvət edirdi. Nəticədə, Azərbaycan beynəlxalq hüququn tələblərinə əməl olunmasını təkbaşına təmin etmək məcburiyyətində qaldı. Məqalədə qeyd olunub: “Xocalı sakinləri 30 ildən artıqdır ki, Qarabağ münaqişəsinin həllini və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasını gözləyirdi. Erməni tərəfinin növbəti təxribatından sonra Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı işğal etdiyi əraziləri azad etdi, 2023-cü il sentyabrın 19-20-də isə ərazimizi erməni silahlı birləşmələrindən tamamilə azad etmək üçün bir günlük antiterror tədbirləri keçirməyə məcbur olduq”.
Müəllif onu da qeyd edir ki, bu il Azərbaycan xalqı bu qanlı faciənin ildönümünü ilk dəfə Xocalıda qeyd edir. Azərbaycanlı diplomat sonda yazıb: “Xocalı rayonu ərazisindəki Əsgəran qalası ətrafında aparılan qazıntılar zamanı kütləvi məzarlıqlar aşkar edilib. Onlar Qarabağın işğaldan azad edilmiş bir çox ərazilərində də tapılıb. Belə ki, fevralın 21-də Xocalı şəhərində qazıntı işləri zamanı daha bir kütləvi məzarlıq yeri aşkar edilib. Qazıntılar zamanı ilkin olaraq tapılan insan qalıqları əsasən qadın və uşaqlara aiddir. Bu işdə hansısa formada əli olan hər kəs tarix məhkəməsi qarşısında hər şeyə görə cavab verəcək”.

Xocalı faciəsi 2024-02-26 16:33:00