×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı – unutqanlığı unutduran tarix

Bakı, 26 fevral, AZƏRTAC

XX əsrin sonlarında xalqımızın başına gətirilmiş ən faciəli terror hadisələrindən birinin - Xocalı soyqırımının törədilməsindən 32 il ötür. Bəşəriyyət tarixinin qanlı səhifələrindən birinə çevrilən soyqırımı qurbanlarının xatirəsini Azərbaycan xalqı bu il tam başqa ruhda yad edir.
Bunu AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov söyləyib. O xatırladıb ki, Xocalı soyqırımı nəticəsində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində insanlığa sığmayan hərəkətlərə yol verilib. Bu kütləvi qırğın zamanı 8 ailənin həyatına son qoyulub, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, 487 nəfər dinc sakin ağır yaralanıb və 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil. Bütün sadalanan dəhşətlər yalnız bir gecədə baş verib. Qəsbkar erməni millətçiləri günahı olmayan soydaşlarımıza qarşı amansızlıq edərək, insani dəyərlərə sığmayan əməlləri ilə dünya terrorizmi tarixinə ən qanlı səhifələrdən birini yazdılar.
“Xocalı faciəsi necə baş verdi, düşmən hansı hiylələrə əl atdı, insanlara hansı ağlasığmaz işgəncələr verildi? İllərdir ki, bu sualların cavabının bir qismini şahidlərin dilindən eşidir, bir hissəsini Milli Qəhrəman Çingiz Mustafayevin çəkdiyi kadrlardan öyrəniriksə, bəlkə hələ nə qədər müəmmalı məqamların sirləri tam çözülməyib. Sadəcə bu hadisə ilə bağlı olan dəhşətləri danışmaq, danışılanları dinləmək çətindir və bu həmişə də belə olacaq”, - deyə dekan müavini bildirib.
Anar Fərəcov deyib ki, ötən illər ərzində Xocalı soyqırımı kimi bəşəri cinayəti dünyaya tanıtmaq hər birimizin qarşısında vətəndaşlıq borcuna çevrilib. Bu qanlı faciəyə öncə dövlətimiz tərəfindən siyasi qiymət verildi və bu amansız cinayət, ümumən, Qarabağda törədilmiş bütün vandalizm faktları dünya ictimaiyyətinə çatdırılmağa başlandı. Ümummilli Lider Heydər Əliyev tərəfindən ilk siyasi qiymət alan bu faciə haqqında özü belə danışır: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.
BDU-nun dekan müavini vurğulayıb ki, 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təşkili bu bəşəri cinayətin tanıdılması işində mühüm rol oynadı. Onlarca ölkə tərəfindən Xocalı faciəsinin soyqırımı kimi tanınması, faciə qurbanlarının xatirəsini yad etmək məqsədilə müxtəlif ölkələrdə yürüşlərin təşkili mühüm addımlardır.
“Bu gün isə başqa tarix, başqa zamandır. 2020-ci ildə Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Ordumuz xalqımızın başına gətirilən bütün faciələrin qısasını aldı, milli qürurumuz bərpa edildi. Müharibə günlərində ordumuzun irəliləməsinə güc verən həm də Xocalıda olanların qisası idi. Artıq müharibənin son günlərinə yaxın Xocalının bir neçə kəndinin azad edilməsi insanlarda həm qisas, həm də kədər hissini bir-birinə qarışdırmışdı. Çünki Xocalı ağrıdır, körpələrin qışqırtısıdır, anaların fəryadıdır, hələ dünyaya gəlməmiş uşaqların ölümüdür, buzdan donan insanların iniltisidir.... Ona görə də Xocalıya əsgərimiz ayaq basanda bir başqa ruhla döyüşürdü. Amma bizim əsgər müharibə qanunları ilə döyüşürdü. O cəlladlardan fərqli olaraq əli silahsız insanlara toxunmadan, öldürmədən...
Müharibə dövründə əsgərimiz Xocalıya - o qanlı insan qırğının baş verdiyi əraziyə girməsə də, düşmənə oranı tərk etməyə şans verdi. Lakin düşmən yenə də nəyəsə və kimlərəsə ümid edib ərazini sahibinə təslim etmirdi. 2023-cü il sentyabrın 19-da həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində bütün ərazilərə müzəffər ordumuz nəzarəti bərpa etdi. Xocalı azad oldu. Azərbaycan suverenliyini tam bərpa etdi.
Xocalının azadlığa qovuşması təkcə torpaqların azad olması deyildi. Bu azadlıq ruhların azadlığı oldu, bu azadlıq körpələrin, köməksiz qalıb öldürülən insanların azadlığı oldu.
Azərbaycanın Dövlət Bayrağı bu gün Xocalı şəhərində qürurla dalğalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocalı şəhərində Azərbaycan Bayrağını qaldırarkən keçirdiyi hisslərlə bağlı vurğulayıb: “Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı”.
Bu gün Xocalı soyqırımı xalqımızın tarixində qanlı bir səhifədir. Hətta Xocalıda həyata keçirilən quruculuq işləri zamanı aşkar olunan kütləvi məzarlıqlar bu terror aktının nə qədər ağır, amansız hadisə olduğunu bir daha təsdiqləyir və bu cinayət faktları dünyaya çatdırılır. Ancaq dediyimiz kimi, bu gün Xocalı azaddır, orada şəhid edilənlərin ruhları azaddırlar və indi onlar azad olunmuş torpaqlarımızda rahat uyuya bilərlər. Biz bu qisas hissi ilə 30 ildən çox yaşamış, mübarizə aparmış və “Dəmir yumruq”la ədaləti bərpa etmişik. Amma bu tarix olduğu kimi gələcək nəsillərə hər zaman aşılanmalı və bu faciənin təkrarlanmaması üçün unutqanlıq hisslərimizi unutdurmalıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”, - deyə Anar Fərəcov fikrini yekunlaşdırıb.

Xocalı faciəsi 2024-02-26 15:54:00