×
A
A
A
Sazlamalar

Zülfiyyə Eldarqızı: Qan yaddaşımızı heç vaxt unutmamalıyıq

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycan tarixində elə günlər var ki, həm şərəf günümüz, həm də ağrı-acılı günümüz hesab olunur. Bu gün keçirilən “Qayıtmışıq, XOCALI!” adlı ədəbi-bədii tədbir də məhz həmin günlərdən birinə, xalqımızın tarixində silinməz izlər buraxan Xocalı faciəsinə həsr olunub. Biz Qələbə qazandıq, işğaldan torpaqlarımızı azad etdik. Bu gün qan yaddaşımıza çevrilmiş Xocalı soyqırımını əsla unutmamalı, gələcək nəsilləri bu barədə məlumatlandırmalıyıq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Konservatoriyasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı söyləyib.
“Xocalı faciəsi baş verdiyi zaman mən tələbə idim. Orada əsir düşüb gələn insanları mən gözlərimlə görmüşəm. Onların içində mənim qohumlarım da var idi. Birinin ayaqları qarda donmuş, digərinin isə yalnız bir ayağı qalmışdı. Həmin əsirlər o qədər ağrı-acı keçirmişdi ki… Bu haqda danışmaq, həmin duyğuları sözlə ifadə etmək çox çətindir. Mən belə bir təşəbbüs irəli sürərək bu ədəbi-bədii tədbirin ərsəyə gəlməsi üçün çalışdım. Tələbələrimizin, gənclərimizin iştirakı və o anları görməsələr belə, bunu şeirlə, musiqi ilə ifadə etmələri ağrı-acılı duyğuların təzahürüdür. Bizlər qan yaddaşımızı heç vaxt unutmamalıyıq”, - deyə Z.Eldarqızı əlavə edib.

Xocalı faciəsi 2024-02-26 15:32:00