×
A
A
A
Sazlamalar

Ankarada Xocalı soyqırımının qurbanları anılıb

İstanbul, 26 fevral, AZƏRTAC

Türkiyənin paytaxtı Ankara şəhərinin Keçiörən bələdiyyəsində Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, “Kalaba” Türk Dünyası Meydanında “Unutmadıq, unutmayacağıq, unutdurmayacağıq” şüarı ilə keçirilən anım mərasimi Azərbaycanın Ankaradakı səfirliyi və Keçiörən bələdiyyəsi tərəfindən təşkil olunub.
Mərasimdə deputatlar, diplomatik korpusun və Ankara ictimaiyyətinin tanınmış nümayəndələri, Türkiyədə hərbi təhsil alan həmvətənlərimiz və yerli əhali iştirak edib.
Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himləri səsləndirilib, şəhidlərin xatirəsi ehtiramla yad edilib, “Kalaba” Türk Dünyası Meydanında ucaldılan Xocalı soyqırımı abidəsinin önünə əklillər qoyulub.
Tədbirdə çıxış edən Ankaranın Keçiörən bələdiyyəsinin sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Ankara bələdiyyəsi sədrliyinə namizədi Turqut Altınok, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan Dostluq Qrupu rəhbəri Şamil Ayrım, Türkiyə Prezidenti Administrasiyasının Təhlükəsizlik Xidmətinin üzvü Aygün Attar və Ankara Universitetinin rektoru Nejdet Univar Xocalı soyqırımı haqqında danışıb, ermənilər tərəfindən törədilən bu faciənin bəşəriyyətin ən qanlı hadisələrindən biri olduğunu vurğulayıblar.
Xocalı soyqırımının heç zaman unudulmayacaq bəşəri cinayət olduğunu deyən Turqut Altınok bildirib ki, o gecə Xocalıda bütün dünyanın gözləri önündə bir qətliam törədildi və Avropa İttifaqı, insan haqları, demokratiyadan bəhs edənlər bu vəhşiliyə səssiz qaldılar.
Səfir Rəşad Məmmədov Xocalı soyqırımını heç vaxt unutmayan Türkiyə ictimaiyyətinə təşəkkürünü ifadə edərək bu faciənin yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə, insanlığa qarşı törədilən tarixin ən böyük cinayətlərindən biri olduğunu deyib.
Səfir dünyada belə qanlı hadisələrin bir daha təkrarlanmaması və Xocalıda baş verənlərin dünya ictimaiyyətinə daha geniş çatdırılmasının vacibliyini qeyd edib.
O gecə Xocalıda törədilən bu bəşəri cinayət haqqında danışan Aygün Attar bunun ermənilər tərəfindən törədilən ilk və ya son vəhşilik olmadığını deyib. Bildirilib ki, Xocalı soyqırımı ermənilər tərəfindən Azərbaycanla yanaşı, Türkiyənin müxtəlif bölgələrində törədilən qətliamların bir hissəsidir.
Erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri amansız cinayətlərin ifşa edilməsinin vacibliyini vurğulayan Şamil Ayrım bildirib ki, Xocalıda qadın, uşaq, yaşlı demədən dinc əhalinin vəhşicə öldürülməsi, hamilə qadınların bətninin yarılması kimi ağır işgəncələr bəşəriyyətin ən ağrılı faciələrindəndir.
Çıxışçılar dünyaya “Xocalıya ədalət” çağırışları səsləndiriblər, erməni lobbisi və tərəfdarlarının Türkiyəyə qarşı iddia etdikləri saxta “erməni soyqırımı”nın araşdırılmasını təklif ediblər.


Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xocalı faciəsi 2024-02-26 15:30:00