×
A
A
A
Sazlamalar

Milli Kitabxanada Xocalı qurbanlarının xatirəsi ehtiramla yad edilib

Bakı, 26 fevral, AZƏRTAC

Fevralın 26-da Milli Kitabxanada Xocalı soyqırımının otuz ikinci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qeyd edib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. XX əsrin faciəsi olan Xocalı soyqırımı yüz illərdir davam edən erməni siyasətinin acı nəticəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla, 613 şəxs ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin şikəst edildi, 1275 nəfər əsir götürüldü.
Bildirilib ki, Prezident İlham Əliyevin azərbaycanlıların soyqırımının dünyada tanıdılması məqsədilə gördüyü işlər hər bir soydaşımız üçün nümunə olmalıdır. Hüquqi baxımdan Xocalıda baş vermiş qətliam təsadüf və ya ehtiyatsızlıq üzündən deyil, məhz bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilib. Məhz buna görə Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.
Sonda Xocalı faciəsinə həsr edilmiş kitab sərgisi ilə yaxından tanışlıq olub.

 

Xocalı faciəsi 2024-02-26 15:27:00