×
A
A
A
Sazlamalar

Yüksək Texnologiyalar Parkında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 26 fevral, AZƏRTAC

Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkında (YTP) Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YTP-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə baş direktor, Birinci Qarabağ müharibəsi iştirakçısı Vasif Abbasov qan yaddaşımıza əbədi həkk olunmuş faciənin tarixi barədə məlumat verib. O, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi rəhbərliyə qayıdışından sonra bu qanlı qırğına düzgün siyasi qiymət verildiyini vurğulayıb.
V.Abbasov bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə qədəm qoyduğunu deyib. Xocalı faciəsinin dünyanın bir çox ölkələrində soyqırımı kimi tanındığını diqqətə çatdıran baş direktor bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının əhəmiyyətini də qeyd edib.
Baş direktor vurğulayıb ki, Azərbaycanda torpaqlarımızın müdafiəsi uğrunda hər an şəhid olmağa hazır olan vətənpərvər nəsil yetişdirilib və 30 illik işğala qəhrəmanlıqla son qoyulub. Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə ayağa qalxan igid oğullarımız bədnam düşmənin işğalçılıq siyasətinə, gündən-günə daha da böyüyən iddialarına, yeni işğalçılıq planlarına birdəfəlik son qoyaraq xalqımızın tarixinə parlaq Qələbə yazıblar. Bununla da haqq-ədalət bərpa olunub.
“Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir. Düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə V.Abbasov bildirib.
Tədbirdə digər çıxış edənlər dünya ölkələrinin xalqımıza qarşı törədilmiş soyqırımı ilə bağlı daim məlumatlandırılmasının zəruriliyindən danışıblar. Vurğulanıb ki, Xocalı qurbanlarının xatirəsi daim qəlblərdə yaşayacaq.

Xocalı faciəsi 2024-02-26 15:26:00