×
A
A
A
Sazlamalar

Xocalı sakini: Rövşən qumbara ilə özünü partlatmaq istəyirmiş...

Bakı, 26 fevral, AZƏRTAC

Xocalıda daha bir məzarlığın aşkar edilməsini bir növ “göz yaşı içində təsəlli” də adlandırmaq olar. 30 ildən artıq gözləri yol çəkən, əzizləri, doğmaları və yaxınlarının taleyindən xəbər tutmaq özü də bir təsəllidir. Uzun illərdən bəri narahatlıqlar içərisində yaşayan, əzizlərindən xəbər tutmaq, soraq eşitmək istəyənlər çoxdur, belə ailələrdən biri də itkin düşən Rövşən Həsənovun ailə üzvləridir. Rövşən beş bacının bir qardaşı idi, ovaxtkı Azərbaycan Dövlət Neft və Kimya Akademiyasının məzunu olub. Xocalı şəhər kommunal təsərrüfat şöbəsinin müdiri işləyib. Ailə həyatı qurub, iki qız və bir oğul atası olub. Xocalının başı üzərini buludlar aldığı ilk gündən özünümüdafiə batalyonunun üzvü olub, doğma torpağın müdafiəçilərinin silah və sursatla təmin olunmasında çox böyük səy göstərib. Pulemyotçu kimi şəhərin erməni hərbçilərinin hücumlarından qorunmasında iştirak edib, hadisədən bir neçə gün əvvəl kəşfiyyat tapşırığını yerinə yetirərkən Həsənabadda yaralanıb.

AZƏRTAC-ın müxbiri bu günlərdə həmin ailədə olub. Soyqırımı gecəsi Həsənovlar ailəsi erməni vəhşiliyinin hər üzünü görüb. Rövşənin həyat yoldaşı Almas Məmmədova o günləri xatırlayaraq deyib: “Fevralın 25-i Xocalı avtomat güllələri və mərmilərlə fasiləsiz atəşə tutulub. Lakin həmişəkindən fərqli olaraq həmin mərmilərin lap yaxında partladığını, tankların gurultusunun yaxından gəldiyini eşidən dinc sakinlər şəhərə hücum olduğunu hiss edib evlərini tərk etməyə başlayıb, bu dəfə zirzəmilərdə gizlənmək də xilas yolu deyildi. Adamlar dəstə-dəstə dəmiryol körpüsünə tərəf enərək Qarqar çayını keçərək meşəyə tərəf üz tutublar. Özünümüdafiə qüvvələrinin üzvləri fermaya soxulmuş erməni quldurların qarşısını alaraq camaatın şəhərdən uzaqlaşmasına çalışıblar. Cavanlar qocaları, uşaqları və çayı keçə bilməyən yaşlı sakinləri belinə alaraq təhlükədən uzaqlaşmağa kömək ediblər. Çayı keçəndən sonra adamlar ağacların budaqlarından tuta-tuta buz bağlamış sıldırımlarla Kətik meşəsinin zirvələrinə doğru qalxmağa başlayıblar. Camaat qaranlıqda bir-birinə kömək edə-edə arxada od tutub yanan Xocalıya baxaraq xilas yolu tapmağa çalışıblar. Şahidlər danışır ki, həmin ağır dəqiqələrdə Rövşən özünü yetirərək sakinlərin qarşısına düşüb onları hadisə yerindən çıxarmağa çalışıb. Son dərəcə dəhşətli bir mənzərə hökm sürürmüş. Qoca ata-anasını xərəyə qoyub aparan kim, uşağını şala, paltoya bükərək toqqa ilə bağlayıb sürüyən kim, yaşlı valideynini qucağında, belində aparan kim... Atam Famil, anam Ofelya, qardaşlarım Araz və Nicat, Rövşənin bacısı Xuraman və onun iki azyaşlı oğlu, əmiləri, əmilərinin həyat yoldaşları, əmisi oğlanları və digər qohumları da şəhəri tərk edənlər arasında olub. Min bir əziyyətlə meşə ilə irəliləyən sakinlər Qaraqaya tərəfdən düşmənlərin atəşi ilə üzləşən böyük bir insan axının onlara tərəf gəldiyini görüb. Əlacsız qalan camaat zülmlə keçib getdiyi yolu yenidən geri qayıtmalı olub. Rövşən və bir neçə nəfər əli avtomatlı onların qabağına düşərək sürüşkən meşə cığırları, nisbətən təhlükəsiz yerlərlə ərazidən çıxarmağa çalışıblar”.

Onun dediyinə görə, şaxta və soyuğun qılınc kimi iliyə işləyən gecəni səhərə kimi yol gediblər. Donmuş ağac budaqlarından ocaq qalamaq, onu alovlandırmaq da çox müşkül bir işə çevrilib. Fevralın 26-sı günü bütün günü yol gedən ınsanlar fevralın 27-nə keçən gecə uzaqda bir kənd görüb onun azərbaycanlılar yaşayan məntəqə hesab ediblər. Aclığın, soyuğun əldən saldığı camaat ilan ağzından xilas olurmuş kimi özlərini həmin kəndə çatdırmaq istəyib. Almas xanım deyib: “Bu vaxt onları hər tərəfdən atəşə tutmağa başlayıblar. Rövşən və əllərində avtomat olan döyüş yoldaşları düşmənlərin dolu kimi yağan atəşlərinə layiqli cavab veriblər. Ermənilər Xocalı sakinlərinə onlara təslim olmağı əmr ediblər. Mehdi adlı bir gənc camaatı təslim olmamağa çağırıb. Dərhal onu güllələyərək qətlə yetiriblər. Rövşən qumbara ilə özünü partlatmaq istəyib, lakin bacısı Xuraman və kənd sakinləri qışqıraraq buna imkan verməyiblər. Atışma zamanı Zəhra xala və qızı Nailə həlak olub, Rövşən adlı bir nəfər isə yaralanıb. Əliyalın camaat Dəhraz kəndindən onlara yönələn qəfil hücumdan özlərini qorumaq üçün dağın dibinə çəkiliblər. Kənddəki fermaya sığınan erməni təpədən dırnağa qədər silahlanmış erməni hərbçiləri əksəriyyəti qoca, qadın və uşaqdan ibarət yüzlərlə dinc sakinli əsir alaraq fermaya yığıblar. Quldurlar onları ikibir, üçbir fermadan kənara çağıraraq sorğu-suala tutaraq güllələmək, başlarını kəsməklə hədələyiblər. Sonra həyat yoldaşım Rövşəni, onun əmisi oğlanları Əlyar, Zakir, Elşad, Şamo, Siyavuş və Rizvanı, həmçinin Ülfət Əliyev, Ələddin Paşayev, Usubəli Qarayev, Vüqar İbrahimov, Şahin Məmişöv və Tofiq Zeynalov kimi gənc, say-seçmə oğlanları ayıraraq fermadan bayıra aparıblar. Onları aparandan bir neçə dəqiqə sonra avtomat səsləri eşidilib, sonra isə “KamAz” markalı maşın yerindən tərpənib. Kənd sakinlərinin qənaətinə görə, onları oradaca güllələyib, yaxud harasa yığıb aparıblar. İndiyə qədər onların taleyi barədə heç bir məlumat əldə etmək mümkün olmayıb”.

Həmin dəhşətli gecədə Rövşənin əmisi Halayın həyat yoldaşı Şərqiyənin ürəyi partlayıb. Fermada saxlanılan sakinlər elə güman ediblər ki, onları da avtomatdan keçirəcəklər. Lakin fevralın 28-də ermənilər onları fermadan buraxıblar. Almas xanım deyib: “Həmin hadisələrin iştirakçıları meşənin içi ilə xeyli gedəndən sonra Ağdamın Abdal-Gülablı kəndinin yaxınlığına çıxıblar. Yerli sakinlər onları qarşılayaraq evlərə aparıb, sonra isə maşınlara yığıb rayon mərkəzinə yola salıblar. Fevralın son günlərində başlarına gələn dözülməz və dəhşətli hadisələr isə onların həyatının ən ağır və hətta xatırlanması çox çətin olan günlərindən birinə çevrilib”.
1997-ci ildə Rövşən Həsənov “Azərbaycan bayrağı” ordeninə layiq görülüb. O və onunla birlikdə taleyi naməlum Xocalı sakinləri haqqında “13” adlı bədii-sənədli film çəkilib. Almaz xanım Xocalıda tapılan kütləvi məzarlıqların birindən mütləq Rövşənin və onunla birlikdə şəhid olanların da izlərinin tapılacağına inanır. Belə bir izin tapılması nə qədər gec və ağır da olsa, onlar üçün zəif təsəlli olardı...

Xocalı faciəsi 2024-02-26 15:22:00