×
A
A
A
Sazlamalar

Xocalı yaddaşı bayatılarda

Bakı, 26 fevral, AZƏRTAC

Hər hansı bir millətin, etnosun tarixi öyrənilincə tarixi qaynaqlarla, daş kitabələrlə yanaşı, folklora da istinad edilməlidir. Çox hallarda yazılan tarix ideologiyalardan keçir və təhrifə uğrayır. Folklor yaddaşı isə hər zaman canlıdır, bulaq suyu kimi dupdurudur və onu hər hansı bir ideologiya qarşısında təzim etdirmək mümkünsüzdür. Folklor xalqın canlı keçmişidir və çox gizlinlər məhz folklor yaddaşında aşkara çıxır. İki əsrdən çox bir müddətdə, zaman–zaman xalqımız erməni qəddarlığına məruz qaldı və xalqımızın başına gələn müsibətlər şifahi ədəbiyyata da sirayət etdi. Yaşananlar hafizələrdən folklor nümunələrinə köçürüldü və nəsildən-nəslə ötürüldü. Hisslər, duyğular poetik dillə bayatılarda ifadə olundu. Bu təsvirə Molla Vəli Vidadi və Molla Pənah Vaqifin deyişməsində də rast gəlirik.
Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın Folklor İnstitutu Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi Aynur İbrahimova deyib. O bildirib ki, Qarabağın təbiəti kimi folkloru da misilsizdir. Bu mühiti əlvanlığı və zənginliyi ilə əks etdirmək üçün külliyatlar kifayət deyil. Bölgənin işğalı dönəmində Azərbaycan Respublikasıının Prezidenti İlham Əliyev Xocalı soyqırımının tanıdılması istiqamətində ölkə daxilində və xaricində sistemli və çoxistiqamətli işlər gördü. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası real nəticələrini verdi. Qarabağı özümüzə və dünyaya daha yaxından tanıtmaq üçün Folklor İnstitutunun direktoru akademik Muxtar İmanovun rəhbərliyi ilə “Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması” üzrə xüsusi layihə hazırlandı və institutun əməkdaşları bu işə cəlb olundu. Folklor İnstitutunun xətti ilə ilk Qarabağ toplusu 2000-ci ildə dərc edildi. “Qarabağ: folklor da bir tarixdir” 12 cildliyi işıq üzü gördü. Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağ folklor mühiti diqqət mərkəzində saxlanıldı. Qarabağın qeyri-maddi mədəni irsi toplanıldı, sistemləşdirildi, arxivləşdirildi, nəşr edildi və təbliğ olundu. Qarabağı digər regionlardan fərqləndirən cəhətlərdən biri də bu bölgənin folklorunun toplanılmasının xüsusi diqqət və hazırlıq tələb etməsi idi. Çünki bu bölgədən olan insanlar daha həssas idi.
“Qarabağdan toplanmış istənilən folklor mətni özündə bu bölgənin etnoqrafiyası, dili, tarixi, məişəti, coğrafiyası haqqında informasiya daşıyır. Qarabağın qədim türk yurdu olduğunu və onun hər bir daşında, torpağında türkün izi olduğunu folklor nümunələri bir daha əsaslı şəkildə göstərmiş olur”, - deyə alim əlavə edib.
Onun sözlərinə görə, bəşər tarixində yaşanmayan, görülməyən, analoqu olmayan Xocalı faciəsindən sonra analarımız, nənələrimiz bayatını bayatıya caladılar: “Xocalıda ölçüyəqəlməz vəhşiliklər, anaların gözü qarşısında körpələrinin qətli, qandonduran hadisələr bayatılarda ürək yanğısı ilə ifadə olundu. Yaşanan ağrı-acıları, əzab-əziyyətləri, ölüm-itimləri xalqımız ruhundan keçirib yenidən sözə çevirdi. Nə xoş ki, bu gün Xocalıda Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Qüdrətli xalqımız, Müzəffər Ali Baş Komandanımız, yenilməz Ordumuz var olduqca, bir olduqca zəfərlər bizim olacaq”.

Xocalı faciəsi 2024-02-26 14:51:00