×
A
A
A
Sazlamalar

Türkiyənin Dənizli şəhərində Xocalı qurbanlarının xatirəsi anılıb

Dənizli, 26 fevral, AZƏRTAC

Türkiyənin Dənizli şəhərində Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Dənizlidəki Qarabağ Parkında ucaldılan Xocalı soyqırımı qurbanlarının abidəsi önünə toplaşan yerli bələdiyyənin əməkdaşları, lisey şagirdləri və ictimaiyyətin nümayəndələri şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycanın və Türkiyənin Dövlət himnləri səslənib.
Sonra Azərbaycanın Xocalı şəhərində 32 il əvvəl ermənilər tərəfindən törədilmiş qanlı qırğının qurbanlarının xatirəsinə həsr olunmuş şeirlər söylənilib.
Dənizli bələdiyyəsinin sədri Osman Zolan iştirakçılar qarşısında çıxış edərək ermənilərin Azərbaycan ərazilərində törətdikləri cinayətləri qətiyyətlə pisləyib. O deyib: “Xocalıdakı qanlı hadisələri heç vaxt unutmayacağıq. Biz bir olmalıyıq. Türkiyə və Azərbaycan bir yerdə olsa, heç kim bizə zərər verə bilməz”. Bələdiyyə sədri ermənilərin qanlı cinayətlərinə lazımi reaksiya verməyən dünya ictimaiyyətini tənqid edib.
Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar.

Xocalı faciəsi 2024-02-26 14:49:00