×
A
A
A
Sazlamalar

Qisas qiyamətə qalmadı…

Bakı, 26 fevral, AZƏRTAC

Fevralın 26-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Mərkəzin Elektron Xidmətlər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
AMEA nəzdində RSXM-nin baş direktorunun ümumi işlər üzrə müavini Ramiz İskəndərov mərasimdə çıxış edərək ötən əsrdə insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrdən olan Xocalı soyqırımı zamanı ermənilərin heç kəsə rəhm etmədən vəhşilik etdiklərini, işgəncə və amansızlıq göstərərək öz qəddar simalarını ortaya qoyublar. Onların törətdiyi bu qətliam dünyanın gözü qarşısında baş versə də, bir neçə ölkə istisna olmaqla, ermənilərə havadarlıq edən ölkələr faciəyə indiyə qədər münasibət bildirməyiblər. Xocalı soyqırımının tanıdılması və ona qiymət verilməsi ilə bağlı Heydər Əliyev Fondunun uzun illərdir apardığı işləri qeyd edən baş direktorun müavini Xocalının azad olunmasına da toxunub: “Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağı işğaldan azad etdi. Yaxşı ki, qisas qiyamətə qalmadı və mənfur düşmən öz layiqli cəzasını aldı. Bu gün digər şəhərlərimiz kimi Xocalı şəhəri də azaddır və orada həyat yenidən dirçəlməyə başlayıb”, - deyə bildirib.
Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində aparılan işlərdən, 44 günlük Vətən müharibəsi və ötən ilin sentyabrında aparılan 23 saatlıq antiterror tədbirlərindən danışıb, təkcə Xocalının deyil, erməni işğalı altında olan digər ərazilərimizin də azadlığa qovuşduğunu qeyd edib: “Bu gün həm Xocalı şəhidlərinin, həm də torpaq uğurunda canından keçən bütün şəhidlərin xatirəsini ehtiramla yad edirik. Əminik ki, bu gün onların ruhu şaddır”.
Mərasimdə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş film təqdim olunub.

Xocalı faciəsi 2024-02-26 14:19:00