×
A
A
A
Sazlamalar

Kölndə Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı aksiya keçirilib

Bakı, 26 fevral, AZƏRTAC
Almaniyanın Köln şəhərində Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Avropa Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə şəhərdəki kafedral kilsənin qarşısında təşkil olunan aksiyada Köln və ətraf şəhərlərdə yaşayan azərbaycanlılar, eyni zamanda, ölkəmizə dost münasibəti bəsləyən icmaların nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, canlarını Vətən torpaqları uğrunda mübarizədə fəda edən şəhidlərin və Xocalıda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Avropa Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev, sədr müavini Sərdar Əliyev, mərkəzin İdarə Heyətinin üzvü Qəzənfər Kazımov, şəhid ailələrinin üzvləri və digər şəxslər çıxış edərək, Xocalı soyqırımından 32 il ötməsinə baxmayaraq, xalqımızın, o cümlədən xaricdə yaşayan azərbaycanlıların o dəhşətli günlərin ağrı-acısını unutmadıqlarını, Xocalı soyqırımı törədənlərin layiqli cəza almaları üçün diasporumuz tərəfindən mütəmadi olaraq müxtəlif səpkili tədbirlər keçirildiyini bildiriblər.
Xocalı soyqırımının bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayət olduğu və bu faciənin tarixdə ermənilərin həyata keçirdikləri yeganə soyqırımı aktı olmadığı diqqətə çatdırılıb. Bu qətliamın soyqırımı aktı kimi tanınması üçün alman və Azərbaycan dillərində şüarlar səsləndirilib.
Aksiyada erməni vandalizmini əks etdirən informativ plakatlar nümayiş olunub, iştirakçılar tərəfindən şəhər sakinlərinə alman və ingilis dillərində Xocalıya dair kitablar, fleyerlər, broşürlər paylanıb. Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən fotolardan ibarət fotosərgi yerli ictimaiyyətin marağına səbəb olub.
Azərbaycan, Türkiyə və Almaniyanın Dövlət bayraqlarının dalğalandığı, 200-dən çox şəxsin iştirak etdiyi tədbir “Koroğlu” uvertürasının səsləndirilməsi ilə başa çatıb.

Xocalı faciəsi 2024-02-26 14:14:00