×
A
A
A
Sazlamalar

Əsl beynəlxalq hüquqi qiymətini almayan Xocalı soyqırımı bəşəriyyət adına utanc olaraq qalmaqdadır RƏY

Bakı, 26 fevral, AZƏRTAC

Artıq 32 ildir ki, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutulması, 106 qadın, 63 uşaq, 70 qocanın məhz azərbaycanlı olduğuna görə xüsusi qəddarlıqla qətlə yetirilməsində ehtiva olunan Xocalı faciəsini yad edirik. Ümumiyyətlə, Xocalı faciəsi, 613 insanın vəhşiliklə qətlə yetirilməsi bir xalqın məsələsi deyil, bəşəri faciədir. Soyqırımı əlamətləri ilə yanaşı, sülh və insanlıq əleyhinə cinayətlərin məcmusunun törədildiyi bu faciə XX əsrin sonunda, insan haqlarının beynəlxalq hüququn prioritetinə çevrildiyi bir dövrdə, hər kəsin gözü önündə baş versə də, müasir audiovizual vasitələrlə sənədləşsə və təkziblər sübutlarla təsdiqlənsə də, hələ də əsl beynəlxalq hüquqi qiymətini almadığı üçün bəşəriyyət adına utanc olaraq qalmaqdadır. Hansısa konkret şəxsin törətdiyi və cinayət tərkibinin mövcudluğu şübhə doğurmayan əməli siyasi məhbus şousuna çevirən, yaxud bizimlə Qarabağın "məzlum emənilərinin" haqlarının davasını aparan beynəlxalq hüquq-müdafiə təşkilatları və qlobal subyektlər 32 ildir bu qətliama reaksiya vermir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, cinayətin iştirakçıları bəllidir və bu soyqırımının törədilməsinə görə Ermənistanın ozamankı siyasi-hərbi rəhbərliyi birbaşa məsuliyyət daşıyır. Lakin, təəssüflər olsun ki, cinayətin təhrikçi, təşkilatçı və icraçılarından biri olan Serjik Sarkisyanın Avropa mediasına şəxsi etirafına baxmayaraq hüququn aliliyindən danışanlar onun və Serjikin digər cinayət ortağı Robert Köçəryanın vəhşiliyinə hələ də hərəkətsizlik göstərməklə Xocalı faciəsini tanımayan, özünü “beynəlxalq ictimaiyyət adlandıran” bəzi böyük dövlətlər bu cinayətin ortağı olaraq qalırlar.

Azərbaycanın bu cür beynəlxalq ədalətsiz yanaşmaya dözümlə yanaşmaq niyyətində olmadığını vurğulayan deputat əlavə edib: “Bilirsiniz ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün dövlət səviyyəsində işlər başlandı. Prezident İlham Əliyevin çox ciddi səyləri, Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu, habelə UNESCO və ICESCO xətti ilə çoxşaxəli təbliğat işi, xüsusən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın 17 ildir ki, başlanan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilməsi istiqamətində ciddi nəticələr əldə edilməkdədir.
Biz düşmənçiliyin daimi ola bilməyəcəyi qənaətindəyik. Lakin təəssüf ki, Ermənistan xislətini dəyişmir. Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi ballistik, reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması, bu gün isə Ermənistanın hələ də minalanmış ərazilərin xəritələrini gizlətməsi bir daha sübut etdi ki, zaman keçsə də, mülki əhaliyə qarşı cinayətlər Ermənistanın daim dövlət siyasəti olaraq qalıb.
Təbii ki, biz bu vəziyyətlə barışa bilməzdik. Nəticə etibarilə Prezident İlham Əliyevin “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” Sərəncamının məzmununda da ifadə edildiyi kimi, 44 günlük savaşdakı Zəfərlə Azərbaycan xalqı əzəli torpaqlarını işğaldan qurtararaq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməklə bərabər, həm də çoxsaylı faciələrin, o cümlədən Xocalı soyqırımı qurbanlarının qisasını almaqla tarixi ədaləti bərpa etmiş oldu. Xocalının tam qisası isə antiterror tədbirləri ilə Ermənistanın ikinci dəfə kapitulyasiyaya məcbur edilməsi və ötən il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xocalıda və Xankəndidə dövlət Bayrağımızı ucaltması oldu. Azərbaycan Prezidentinin 2024-cü il 10 yanvar tarixli müsahibəsində də ifadə etdiyi kimi, “Xocalıda bayrağımızın ucaldılması ilə tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qisası alındı. Xankəndidə bayrağın qaldırılması isə ədalətin bərpası oldu”.
Bəhruz Məhərrəmov qeyd edib ki, bu gün, faciədən 32 il sonra, biz artıq Xocalıya Böyük Qayıdışın reallaşdırılmasına şahidlik etməkdəyik. 32 ildir qan ağlayan xocalılıların öz doğma yurduna qaytarılması istiqamətində Prezident İlham Əliyevin qətiyyəti ədaləti, haqqı bərpa etməkdədir. Bu gün artıq Xocalıda quruculuq-bərpa prosesi aparılır, 32 il əvvəl qan gölünə çevrilən o diyar bu gün Qarabağın ən gözəl, ən müasir yaşayış məskənlərindən biri kimi dirçəlməkdədir. Bu mənada, biz xoşbəxt xalqıq ki, Heydər Əliyev siyasi kursunun, İlham Əliyev şəxsiyyətinin sayəsində ədalətin bərqərar olunmasına özümüz şahidlik edə bilirik.

 

 

Xocalı faciəsi 2024-02-26 14:11:00