×
A
A
A
Sazlamalar

Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir

Qax, 26 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan xalqının tarixinə qanla yazılmış Xocalı faciəsindən 32 il ötür. Xalqımızın yaddaşında tariximizin ən faciəli günlərindən biri kimi dərin iz buraxmış Xocalı faciəsinin ildönümü ilə əlaqədar Qax rayonunda da silsilə tədbirlər təşkil olunub. Tədbirlər planına uyğun olaraq, rayonun müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında anım tədbirləri, konfranslar, sərgilər, müsabiqələr keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocalı soyqırımının otuz ikinci ildönümü ilə əlaqədar fevralın 26-da Qax Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, gənclər, rayon sakinləri Qax şəhərindəki Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı uğrunda canlarından keçən igid həmvətənlərinin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Anım tədbirində çıxış edən rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliamın bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri və sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhəri yerlə-yeksan edilib. Erməni təcavüzkarlarının Azərbaycana qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər 2 valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsr götürülüb. Əsr götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 20 uşağın taleyi bu günədək məlum deyil.
Xocalı soyqırımına yalnız Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və diqqəti sayəsində hüquqi-siyasi qiymət verildiyini vurğulayan icra hakimiyyətinin başçısı bu gün soyqırımla bağlı həqiqətlərin beynəlxalq aləmdə təbliği və günahkarların öz cəzasını alması istiqamətində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib. Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində məqsədyönlü iş aparılır.
Tədbirin sonunda mədəniyyət işçilərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Xocalı faciəsi 2024-02-26 12:50:00