×
A
A
A
Sazlamalar

Soyqırımı şahidi: Körpə uşağın alnına xaç çəkib, güllələmişdilər

Ağdam, 26 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

XX əsrin ən böyük faciələrindən olan Xocalı qətliamı təkcə azərbaycanlılara deyil, ümumilikdə, bütün bəşəriyyətə qarşı törədilən cinayətdir. Bu cinayəti törədənlərin insanlığa qənim kəsildiyini təkcə tarixi sənədlər, foto və videogörüntülər deyil, həm də faciənin canlı şahidi olmuş soydaşlarımızın xatirələri sübuta yetirir.
Üstündən illər ötsə də, Xocalı faciəsinin şahidləri hələ də ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərin təsirindən çıxa bilmirlər. Belə insanlardan biri - Xocalı faciəsi zamanı qətlə yetirilənlərin, yaralıların çıxarılmasında iştirak etmiş keçmiş döyüşçü Kamil Nəbiyev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində 32 il əvvəl şahidi olduğu dəhşətli hadisə barədə danışıb: “Eşidəndə ki, ermənilər Xocalıda qətliam törədiblər, silahlanıb Şelli tərəfə yollandıq. Çünki Xocalı sakinləri bu istiqamətdə gələrək, erməni postlarının yanından keçməklə Ağdama çatmağa çalışırdılar. Ermənilər də insanların qarşısını kəsib, qoca, qadın, uşaq demədən güllələyirdilər. İki saat döyüşəndən sonra erməni postunu aldıq. Postda iki zirehli texnika qoyub qaçdılar. Bir postu da bizdən əvvəl Orucgil götürmüşdü. Həmin istiqamətdən camaatın çıxması üçün dəhliz yaratdıq. Ermənilər Qaraağacı qəbiristanlığının yaxınlığındakı ağaclıqdan və Naxçıvanlı istiqamətindən də güclü atəşə tuturdular. Döyüşə-döyüşə xeyli Xocalı sakinini çıxarda bildik. Camaat həmin yerdən axın-axın gəlib keçirdi. O postlar götürülməsəydi, inanın ki, erməni cəlladları heç kimi sağ qoymayacaqdılar. Döyüş vaxtı erməninin zirehli texnikasına doğru qaçmağa başladım. Ermənilər atəşə tutsalar da qayıtmadım. Kənarda böyük bir daş var idi. Güllənin biri daşa dəyib bədənimə girdi. Döyüş yoldaşlarım məni sürüyərək çıxardılar”.
K.Nəbiyev Xocalı faciəsi zamanı şahidi olduğu erməni vəhşiliyini heç vaxt unutmayacağını bildirib: “Həmin vaxt elə dəhşətli mənzərələrin şahidi olmuşam ki, təsvir etməyə söz tapmıram. İnsan o vəhşilikləri törətməz... İnsanların gözünü çıxarmışdılar, başının dərisini soymuşdular, qadının döşünü kəsmişdilər. Bir nəfəri balta ilə doğramışdılar. Körpə uşağın alnına xaç çəkib, güllələmişdilər... Gördüyüm bu dəhşətləri heç vaxt unuda bilmərəm”.

Xocalı faciəsi 2024-02-26 12:49:00