×
A
A
A
Sazlamalar

Tarixçi alim: Xocalı soyqırımı sübut edir ki, erməni terroru faşizmin ən qəddar növü olub

Bakı, 26 fevral, AZƏRTAC

Faşizm soyqırımlarını, ekosidi və kultursidi özünün başlıca hədəflərinə çevirmiş ən təhlükəli hərbi-siyasi ideologiyadır. 2020-ci ilin payızında Müzəffər Azərbaycan Ordusu Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdikdən sonra dünya ictimaiyyəti şahid oldu ki, burada yaşayış məntəqələrinin, tarixi-mədəni abidələrin, flora və faunanın məhv edilməsinin, faydalı qazıntı yataqlarının talan edilməsinin əsas səbəbi erməni faşizmidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə deyib. O bildirib ki, XIX əsrin əvvəllərində çar Rusiyasının yadelli etnik ünsür olan erməniləri kütləvi şəkildə Qərbi Azərbaycan ərazisinə köçürməsi ilə Qafqaz regionunun tarixində faciəli dövr başlandı. Qısa müddətdən sonra terrorçu siyasi təşkilatlar yaradan ermənilər türk-müsəlman əhalisinə qarşı soyqırımlarına başladılar. Tarixçi alim XX əsrin əvvəllərində erməni silahlı dəstələrinin Şərqi Anadoluda və Azərbaycanda törətdiyi soyqırımları nəticəsində bir milyondan artıq insanın öz doğma el-obasını tərk edərək qaçqın vəziyyətinə düşdüyünü, minlərlə insanın qətlə yetirildiyini, yaşayış məntəqələrinin, tarixi-mədəni abidələrin viran edildiyini söyləyib.
“1948-1955-ci illərdə keçmiş SSRİ rəhbərliyinin fəal dəstəyi sayəsində Ermənistan hakim dairələrinin yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində Qərbi Azərbaycan ərazisindən iki yüz min nəfərə yaxın, 1988-1991-ci illərdə isə iki yüz əlli min nəfərdən artıq azərbaycanlı öz əzəli yurd yerindən deportasiya edildi. 1988-ci ildə Ermənistanın əsassız olaraq Azərbaycan xalqına qarşı ərazi iddiaları ilə çıxış etməsi Qafqazda münaqişə ocağının yaranmasına səbəb oldu. 1992-ci ilin fevralında Xocalı soyqırımınadək ermənilər Qarabağın, Zəngəzurun və Qazaxın ayrı-ayrı kəndlərində azərbaycanlılara qarşı silsilə qətliamlar törətdilər. 1990-cı ilin martında erməni silahlılarının Qazax rayonunun Bağanis Ayrım kəndinə hücumu nəticəsində 7 nəfər azərbaycanlı qətlə yetirildi, bir ailənin 5 üzvü öldürülərək üstlərinə benzin tökülüb yandırıldı. 1991-ci ilin sentyabrında Ağdərə rayonunun İmarət-Qərvənd kəndinə qəfil hücuma keçən düşmən kəndi hər tərəfdən mühasirəyə aldı, dinc sakinlərə məxsus evlər yandırıldı və 15 nəfər şəhid oldu. Oktyabrda isə Tuğ kəndinin işğalı zamanı 5 nəfər dinc sakin terrorun qurbanı oldu. Dekabrın 23-də erməni silahlıları Meşəli kəndini mühasirəyə alaraq 12 nəfər dinc sakini qətlə yetirdilər. 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndinə hücum nəticəsində 101 nəfər dinc sakin erməni terrorunun qurbanı oldu. Fevral ayının sonunda isə erməni faşizminin ən qanlı cinayət aktı olan Xocalı soyqırımı törədildi.
Xocalı qatillərindən və “Asala” terror təşkilatının rəhbərlərindən biri olan Monte Melkonyan ABŞ-ın Berkli Universitetinin arxeologiya fakültəsini bitirib. O, ABŞ-ın Kaliforniya ştatında doğulsa da, Qarabağa azərbaycanlılara qarşı soyqırımı törətmək üçün gəlmişdi. Keçən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan rəhbərliyinin dəvətilə ABŞ-dan, Fransadan, Yunanıstandan, İrandan, Suriyadan və Livandan bir çox terrorçu qruplaşmaları Qarabağa gəldilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayının əsgərləri və hərbi texnikası ilə birlikdə Xocalıda bəşəriyyətin tarixində ən qəddar cinayətlərdən birini törətdilər. Xocalının 613 nəfər dinc sakini məhz azərbaycanlı olduqları üçün qətlə yetirildi. Onların 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca idi. Xocalının 487 nəfər dinc sakin ağır yaralandı, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Erməni faşistləri əsir götürdükləri 1275 nəfərə amansiz işgəncələr verdilər”, - deyə Ramin Əlizadə qeyd edib.
Tarixçi alim Xocalı əhalisinin məhz azərbaycanlılar olduğu üçün soyqırımına məruz qaldığını bildirib: “Xocalı soyqırımını törədən faşist dəstələrinə S.Sarkisyan və R.Koçaryan, həmçinin müdafiə naziri S.Ohanyan rəhbərlik edirdi. Bu cinayətkarların bir çoxu sonradan Xocalı soyqırımını törətdiklərini etiraf ediblər. Ermənistanın sabiq prezidenti S.Sarkisyanın Xocalı soyqırımına haqq qazandırması Qafqaz regionunda faşizm təhlükəsinin möhkəmləndiyini bir daha təsdiq edir. S.Sarkisyan xarici mətbuata açıqlamasında deyib: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, onlar bizimlə zarafat edirlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmaz. Biz bu stereotipi qıra bildik... Mən heç bir təəssüf hissi keçirmirəm..., hətta minlərlə əhali ölərsə, bu cür sərt gedişlər zəruridir”. Tanınmış rus yazıçısı və jurnalisti Y.Pompeyev “Qarabağ qan girdabında” adlı əsərində yazır ki, Xocalı hadisəsi Hitler faşizminin Xatın kəndində törətdiyi müsibətlə müqayisədə daha dəhşətli idi, ermənilər məhz bu terror aktı ilə öz vəhşiliklərini bütün dünyaya bəyan etdilər. Xocalı soyqırımı beynəlxalq cinayət faktıdır. XX əsrdə dünyanın heç bir yerində uşaqlar, qadınlar və yaşlı insanlar Xocalıda olduğu kimi xüsusi qəddarlıqla qətlə yetirilməyib. Xocalı soyqırımı sübut edir ki, erməni terroru faşizmin ən qəddar növü olub, nəinki Azərbaycan xalqı üçün, hətta bütün bəşəriyyət üçün təhlükəlidir. Buna görə də böyük dövlətlər və beynəlxalq təşkilatlar erməni faşizminin məkrli planlarının ifşa edilməsində Azərbaycana dəstək olmalıdırlar”.

 

Xocalı faciəsi 2024-02-26 12:44:00