×
A
A
A
Sazlamalar

Türkiyənin “TRT TÜRKÜ” radiosunda Xocalı soyqırımı ilə bağlı xüsusi proqram yayımlanıb

İstanbul, 26 fevral, AZƏRTAC

Bu ildən etibarən Türkiyənin “TRT TÜRKÜ” radio kanalında yayımlanan "Azərbaycan rüzgarı" proqramının növbəti buraxılışı Xocalı soyqırımının 32-ci il dönümünə həsr olunub.
Bununla bağlı AZƏRTAC-a proqramın müəllifi və aparıcısı, həmyerlimiz, İstanbul Universitetinin doktorantı Səidə Ömər məlumat verib.
O bildirib ki, artıq dörd ildir Türkiyənin fərqli media məkanlarında yayımlanan “Azərbaycan rüzgarı" proqramının əsas hədəflərindən biri də XX əsrin sonlarında ermənilər tərəfindən ölkəmizdə törədilən bir çox qətliamlarla yanaşı, bütün bəşəriyyətin və insanlığın qara ləkəsi olaraq tarixə keçən Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqdır. Budəfəki proqramın yayımında dinləyicilərə fevralın 25-dən 26-na keçən gecə Xocalıda yaşananlar haqqında məlumatlar verilib, şəhidlər üçün ağılar səslənib. Proqramda, eyni zamanda, Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi, torpaqlarımızın işğaldan azad edilməsi və illər sonra Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən Xocalıda ucaldılan bayraqla bu qanlı hadisənin qurbanlarının qisasının alınması ilə bağlı məlumatlar verilib.
“Bu gün bizim üçün hüznlü olmaqla yanaşı, həm də qürurludur. Çünki Xocalı şəhidlərinin xatirəsinə ucaldılan abidəni Azərbaycanda bu gün artıq qalib xalqın nümayəndələri ziyarət edirlər”, - deyə Səidə Ömər bildirib.

 
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xocalı faciəsi 2024-02-26 12:22:00