×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının xatirəsi Çində anılıb VİDEO

Pekin, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycanın Çindəki səfirliyində anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, diplomatların, Çin ictimaiyyətinin nümayəndələrinin, Çində yaşayan və təhsil alan azərbaycanlıların iştirak etdikləri tədbirdə əvvəlcə səfirliyin ərazisindəki “Xarıbülbül” barelyefinin önünə gül dəstələri qoyulub, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səslənib.
Səfir Bünyad Hüseynov 32 il əvvəl Xocalıda törədilmiş insanlıq əleyhinə cinayətdən bəhs edib, bunun bir qətliam, soyqırımı olduğunu deyib. Bildirib ki, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə erməni millətçiləri Xocalıda yaşından, cinsindən asılı olmayaraq dinc əhaliyə qarşı misli görünməmiş vəhşilik edib. Xocalı müsibəti ermənilərin zaman-zaman Azərbaycan-türk əhaliyə qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən acı səhifələrindən biridir.
Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi və ötən ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünü, suverenliyini bərpa etməklə yanaşı, Azərbaycan ərazisində separatizmin kökünü də kəsdi. Bu Zəfər həm də bütün şəhidlərimizin, o cümlədən Xocalı soyqırımı qurbanlarının qisasının alınması idi.
Azərbaycan Silahlı Qüvvələrinin Çindəki hərbi attaşesi Teyfur Rüstəmov Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi əməliyyatlardan, mülki insanlara qarşı törədilən cinayətlərdən danışıb.
Tədbir iştirakçıları dünya mətbuatında Xocalı soyqırımından bəhs edən məqalələrdən ibarət sərgi ilə tanış olublar. Bundan başqa, Xocalı faciəsini əks etdirən videoçarx təqdim olunub.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Xocalı faciəsi 2024-02-26 11:34:00

Video