×
A
A
A
Sazlamalar

Haaqada Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib VİDEO

Haaqa, 26 fevral, AZƏRTAC

Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin qarşısında Hollanda-Azərbaycan Türk Kültür Dərnəyi tərəfindən anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, anım tədbirində Azərbaycan və Türkiyə səfirliyinin diplomatları, Niderlandda fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının təmsilçiləri, yerli holland ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşanlar əvvəlcə Xocalı qurbanlarının, eləcə də Azərbaycan və Türkiyənin bütün şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra şəhidlərin ruhuna dua oxunub. Haaqada Hollanda-Azərbaycan Türk Kültür Dərnəyi nəzdində fəaliyyət göstərən Xarıbülbül məktəbinin şagirdləri Xocalı soyqırımında ermənilər tərəfindən öldürülmüş 63 uşağın adını daşıyan plakatda hər bir uşağın adı qarşısında qirmızı qərənfil düzüblər.
Türkiyənin səfiri Selçuk Ünal və Azərbaycan səfirliyinin müşaviri Nurlan Əliyev, eləcə də Hollanda-Azərbaycan Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın Xocalı soyqırımı qurbanlarının abidəsi önünə əklil qoyublar. Tədbirə qatılmış Azərbaycan və türk icmasının üzvləri abidə önünə qırmışı qərənfillər düzüblər.
Sonra soyqırımı qurbanlarının həsr edilmiş tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilati dəstəyi ilə hazırlanmış, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı birləşmələri tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılmış 3 azərbaycanlı əsirin orada məruz qaldıqları dəhşətli məhrumiyyətlərdən bəhs edən “İşgəncələr məbədi - Şuşa həbsxanası” adlı sənədli film nümayiş etdirilib. Sənədli filmdə Şuşa həbsxanasında ermənilərin işgəncələrindən qurtulmuş şahidlər xatirələrini bölüşüblər. Onlar ermənilərin azərbaycanlı əsirlərə verdikləri işgəncələrdən danışıblar.
Türkiyənin səfiri Selçuk Ünal və Azərbaycan səfirliyinin müşaviri Nurlan Əliyev, Hollanda-Azərbaycan Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın, Xocalı sakini, erməni təcavüzünün tanıdılması İctimai Birliyinin sədri, tədqiqatçı–jurnalist Sətiyyə Cəfərova, tədqiqatçı-yazıçı Henri Van Rens çıxış ediblər. Natiqlər 32 il əvvəl Ermənistanın Azərbaycana hərbi təcavüzündən, eləcə də ərazilərimizin işğalı dövründə azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş Xocalı soyqırımından, ermənilərin xalqımıza qarşı apardığı etnik təmizləmə, soyqırımı siyasətindən danışıblar.
Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzun sayəsində azad edilmiş torpaqlarda quruculuq işləri aparılır. Quruculuq işləri zamanı kütləvi məzarlıq aşkarlanır. Bu məzarlıqlarda qadınların və uşaqların cəsədləri olduğu bildirilir. Bu məzarlıqların erməni təcavüzü zaman itkin düşmüş 4 min azərbaycanlıya məxsus olmasına şübhə qalmır. İtkin soydaşlarımız haqqında Ermənistan bu günə qədər heç bir məlumat verməyib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasından danışılaraq, bu kampaniya sayəsində Xocalı qırğınının dünya ölkələri tərəfindən qətliam kimi tanındığı qeyd edilib.
Vurğulanıb ki, bu il Xocalı soyqırımının 32-ci ildönümündə Xocalı şəhərində üçrəngli Bayrağımız dalğalanır.

Xocalı faciəsi 2024-02-26 06:44:00

Video