×
A
A
A
Sazlamalar

Xarkovda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Kiyev, 26 fevral, AZƏRTAC

Ukraynanın Xarkov şəhərində Xocalı soyqırımının 32–ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi və Xarkovdakı fəxri konsulluğunun təşkilatçılığı ilə Xarkov Milli Opera və Balet Teatrının zalında Xocalı soyqırımının ildönümünə həsr olunan tədbir şəhidlərin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb.
Fəxri konsul Əfqan Salmanov Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevin erməni hərbçilərinin törətdiyi cinayətlərin qlobal səviyyədə tanınmasının və bütün cinayətkarların məsuliyyətə cəlb edilməsinin vacibliyindən bəhs edən müraciətini çatdırıb.
Əfqan Salmanov Azərbaycan və Ukrayna xalqlarının qarşılıqlı dəstəyinin vacibliyini vurğulayıb.
“Xalqlarımızın tarixində çoxlu dəhşətli səhifələr var ki, onları unutmaq olmaz. Biz həqiqəti nəslimizə ötürməliyik ki, onlar başa düşsünlər ki, insan həyatından qiymətli heç nə yoxdur. Bu gün Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsini ehtiramla yad etməyə gəldiyiniz üçün təşəkkür edirəm”, - deyə fəxri konsul bildirib.
Tədbirdə Xarkov Vilayəti Hərbi Administrasiyasının rəhbərinin müavini Oleq Komissarov, Xarkov vilayət şurası sədrinin müşaviri Yevgeni Qritskov, hərbçilər, Xarkovun ictimai-siyasi xadimləri, Azərbaycanın diaspor fəalları iştirak ediblər.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Xocalı faciəsi 2024-02-26 02:50:00