×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının xatirəsi Türkiyədə silsilə tədbirlərlə anılır

İstanbul, 25 fevral, AZƏRTAC

Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Türkiyədə silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, Manisa şəhərində Xocalı qurbanları anım mərasimi ilə yad edilib.
Manisa Böyükşəhər Bələdiyyəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutan “Unutmadıq, unutdurmayacağıq” adlı tədbir Cəlal Bayar Universitetində təşkil olunub.
Əvvəl universitetdə təşkil olunan Xocalı soyqırımından bəhs edən fotosərgiyə baxış keçirilib, Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş buklet və broşürlər tədbir iştirakçılarına paylanılıb.
Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib, iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgül, Cəlal Bayar Universitetinin prorektoru, professor Kadir Ay Xocalı soyqırımı və onun ağır nəticələri barədə danışıblar.
Sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyası Akademiyasının rektoru, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin professoru Əmir Əliyev və Cəlal Bayar Universitetinin dosenti İrfan Murat Yıldırımın mövzu ilə bağlı məruzələri dinlənilib.
Sonda "İşgəncələr məbədi - Şuşa həbsxanası" sənədli filmi nümayiş olunub.

X   X   X

Xocalı soyqırımına həsr edilən daha bir anım tədbiri Eskişehir vilayətində baş tutub. Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirin açılışında Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcı Fidan Hüseynli Xocalıyla həsr oluna şeir oxuyub.
Sonra Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunub.
Mərasimdə çıxış edən dərnəyin sədri Cavid Aydın, onun müavini Sirac Yaquboğlu və Türkiyənin Anadolu Universitetinin professoru Gökhan Güneysu həmin qanlı gecə Xocalıdan olan dinc əhaliyə qarşı törədilən tarixin ən qanlı qətliamı barədə danışıblar. Vurğulanıb ki, bu vəhşilik əsrlər keçsə də unudulmayacaq.

X   X   X

Daha bir tədbir İzmirdə keçirilib.

TADEF ilə İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin birgə təşkil etdiyi, Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilən panel Bornova Altındağ Atatürk Mədəniyyət Mərkəzində baş tutub.
Əvvəl Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi yad edilib.
Paneldə Türkiyənin Dokuz Eylül Universitetinin professorları Gülmira Kuruoğlu və Ülviyyə Aydın, eləcə də Bakı Dövlət Universitetinin hüquq fakültəsinin professoru Əmir Əliyevin Xocalı soyqırımı ilə bağlı məruzələri dinlənilib.
Sonra Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə, Bornova Bələdiyyəsinin sədr müavini Barbaros Taşer Xocalı soyqırımı ilə bağlı çıxış ediblər.

 
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xocalı faciəsi 2024-02-25 07:11:00