×
A
A
A
Sazlamalar

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Xocalı qurbanlarının xatirəsi anılıb

Tbilisi, 25 fevral, AZƏRTAC
Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar Gürcüstanın Qardabani rayonundakı Təhsil və İnteqrasiya Mərkəzində anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə mərkəzdə təhsil alan tələbələr, məktəblilər, bələdiyyə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra mərkəzin direktoru Çiçək Hüseynova Ermənistanın azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirdiyi terror, deportasiya və soyqırımı cinayətləri barədə ətraflı məlumat verib. Xocalı soyqırımının ermənilərin tarixən xalqımıza qarşı apardığı etnik təmizləmə və işğal siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
Sonra çıxış edənlər Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu xüsusi qeyd ediblər.
Vurğulanıb ki, Vətən müharibəsində Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan ərazilər azadlığa qovuşub. Bununla da, eyni zamanda, şəhidlərimizin qisası alınıb.
Tədbir zamanı Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərlərini və Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldılmasını əks etdirən videoçarx nümayiş etdirilib.
Sonda Xocalı faciəsinə həsr olunmuş “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi də nümayiş olunub.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xocalı faciəsi 2024-02-25 01:14:00