×
A
A
A
Sazlamalar

Keçmiş döyüşçü: Qara qaya yaxınlığında dəhşətli mənzərənin şahidi olduq

Ağdam, 24 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib. Üç istiqamətdən hücuma məruz qalan Xocalıda olan təqribən 2500 nəfər sakin şəhəri tərk edərək Ağdam rayonu istiqamətində qaçmağa məcbur qalıb. Lakin əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilərək xüsusi qəddarlıqla məhv edilib, əsrin faciəsi törədilib.
Xocalı faciəsi zamanı qətlə yetirilənlərin, yaralıların çıxarılmasında o zaman Ağdamda yaradılmış könüllülərdən ibarət dəstələrin böyük rolu olub.
Keçmiş döyüşçü - Mehman Kərimov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində 32 il əvvəl şahidi olduğu dəhşətli hadisələrdən danışıb.
“Xocalı mühasirədə idi. Biz Ağdamdakı könüllülər Xocalını mühasirədən çıxarmaq, xocalılılara kömək etmək üçün hazır idik. Hücum əmri gözləyirdik. Amma hücum olmadı. Bir də eşitdik ki, artıq Xocalı işğal olunub, ermənilər camaatı qırıblar. Xocalılıların xilas edilməsi üçün Şelli kəndi istiqamətində sonuncu postumuz olan yerə getdik. Biz Qara qayaya çatanda gördük ki, “Qarabağ Şahinləri” batalyonunun könüllüləri buradakı erməni postunu götürüblər. Qara qayanın yaxınlığında dəhşətli mənzərənin şahidi olduq. Ermənilər Xocalıdan qaçan sakinlərin qarşısını kəsərək qətliam törətmişdilər. Hər tərəf meyit və yaralı ilə dolu idi. O zaman bütün Ağdam – həm könüllü döyüşçülər, həm də mülki sakinlər xocalılıların çıxarılmasında, yaralıların xəstəxanaya, meyitlərin Cümə məscidinə aparılmasında səfərbər olmuşdu. Çox çətin, dəhşətli günlər idi. Dinc insanları işgəncə ilə öldürmüşdülər. Bir cəsədin əli məftillə bağlanmışdı. Uşağın dərisini soymuşdular. Bir nəfəri baltalamışdılar. Qoca qadının ayağını bağlayıb sürütləmişdilər... Belə faciə, belə dəhşət dünyada görünməyib”, - deyən Mehman Kərimov Xocalı faciəsi zamanı törədilən vəhşilikləri unuda bilmədiyini söyləyib.

Xocalı faciəsi 2024-02-24 17:53:00