×
A
A
A
Sazlamalar

BDU-nun dekanı: Xocalı soyqırımı beynəlxalq cinayətdir

Bakı, 24 fevral, AZƏRTAC

Azərbaycan xalqına qarşı törədilmiş beynəlxalq cinayətlərdən biri də Xocalı soyqırımıdır. Məhz azərbaycanlı olduqlarına görə əvvəlcədən düşünülmüş niyyətlə 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindəki Xocalı şəhərində dinc əhalini xüsusi amansızlıq və vəhşiliklə məhv etdi. Bir gecənin içərisində Xocalı şəhəri yerlə-yeksan edildi, milli mənsubiyyətinə görə dinc əhali qırğına məruz qaldı.
Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlayıb, məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ilin fevralında Milli Məclis Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib.
Bu barədə AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev məlumat verib.
Hüquq fakültəsinin dekanı vurğulayıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında mühüm rol oynayır, bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımı aktı ilə bağlı müvafiq qərarlar qəbul edilir.
Xocalıda törədilmiş qətliamın əvvəlcədən düşünülmüş qaydada, milli, irqi, etnik və ya dini əlamətlərinə görə konkret bir qrupun tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi, onun həm beynəlxalq hüquqa, həm də milli qanunvericiliyə əsasən məhz soyqırımı olduğunu sübut edir.
Soyqırımı cinayətinin tərkibi bir sıra beynəlxalq hüquqi aktlarda müəyyənləşdirilib. İkinci Dünya müharibəsi illərində beynəlxalq cinayətlər törətmiş şəxsləri mühakimə etmək üçün yaradılmış ilk beynəlxalq məhkəmə orqanı olan Nürnberq hərbi tribunalının Nizamnaməsində birbaşa “soyqırımı” termini işlədilməsə də, bu cinayətin tərkibini təşkil edən əlamətlər insanlıq əleyhinə cinayətlərin sırasında xüsusi olaraq qeyd edilirdi və faktiki olaraq Nürnberq hərbi tribunalı İkinci Dünya müharibəsinin əsas cinayətkarlarını məhz bu cinayətə görə mühakimə edirdi. Bu amildən çıxış edərək o, dövrün görkəmli siyasi xadimlərindən olan Uinston Çörçill soyqırımı cinayətini “adı olmayan cinayət” (“crime without a name”) adlandırmışdı.
Soyqırımı cinayətinin əsas tərkib əlamətlərinin sırasında xüsusi niyyətin (məqsədin) olması bu əməli digər beynəlxalq cinayətlərdən və qəsdən adam öldürmədən fərqləndirir. BMT Baş Assambleyasının 1946-cı il 11 dekabr tarixli qətnaməsində soyqırımı beynəlxalq hüquq normalarını pozan cinayət elan edilib. Soyqırımı cinayətinin hüquqi əsası (adı, anlayışı və tərkibinin zəruri əlamətləri) BMT Baş Assambleyasının 1948-ci il 9 dekabr tarixli qətnaməsi ilə qəbul edilmiş Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya ilə müəyyən olunub. Konvensiyaya görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə edilən aşağıdakı hərəkətlərdir: bu cür qrup üzvlərinin öldürülməsi; belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi; hər hansı qrup üçün qəsdən onun tam, yaxud bir qisminin fiziki məhvini nəzərdə tutan tədbirlərin görülməsi; uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi.
Analoji müddəalar Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində (müvafiq olaraq 4-cü və 3-cü maddələr), Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda (6-cı maddə) və bəzi dövlətlərin cinayət qanunvericiliyində əks olunub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsinə əsasən, hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə soyqırımı kimi tövsif edilir.
BMT Baş Assambleyasının 1973-cü il 3 dekabr tarixli qətnaməsi ilə qəbul edilmiş “Hərbi cinayətlərin, bəşəriyyətə qarşı cinayətlərin törədilməsində təqsiri olan şəxslərin aşkara çıxarılması, həbs edilməsi, təhvil verilməsi və cəzalandırılmasına dair beynəlxalq əməkdaşlığın prinsipləri”nə əsasən, təqsiri olan həmin şəxslərin məhkəmə təqibinin və cəzalandırılmasının təmin edilməsinə yönəldilmiş beynəlxalq tədbirlərin görülməsinə xüsusi zərurət var. Hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər nə vaxt və harada törədilməsindən asılı olmayaraq tədqiq edilməli, belə cinayətləri törətdikləri barəsində dəlillər olan şəxslər isə axtarılmalı, həbs edilməli, məsuliyyətə cəlb olunmalı və cəzalandırılmalıdırlar.
Beləliklə, ermənilər tərəfindən Xocalı əhalisinə qarşı törədilmiş əməllər beynəlxalq hüquqa müvafiq olaraq beynəlxalq cinayət – soyqırımı kimi qiymətləndirilməlidir. Beynəlxalq hüquqa əsasən, soyqırımı törədənlərin cəzalandırılması onun törədilməsi vaxtından asılı olmayaraq zəruridir. Müvafiq olaraq, azərbaycanlılara qarşı soyqırımı törətmiş (istər cinayətin bilavasitə icraçıları, istərsə də təşkilatçıları) şəxslər, vəzifə mövqeyindən asılı olmayaraq (cinayətkarın dövlət başçısı və ya vəzifəli şəxs qismində çıxış etməsi ona immunitetdən istifadə etmək imkanı vermir) cinayət məsuliyyətinə cəlb edilməli və səlahiyyətli dövlətdaxili məhkəmədə, yaxud da “ad hoc” qaydasında yaradılan beynəlxalq tribunal qarşısında cavab verməlidirlər. Həmçinin soyqırımı cinayətini törətmiş şəxsləri dəstəkləyən və soyqırımının dövlət siyasətinin tərkib hissəsi təşkil etdiyi Ermənistan dövləti beynəlxalq-hüquqi məsuliyyətə cəlb edilməlidir. Xocalıda törədilmiş soyqırımı, eyni zamanda, genişmiqyaslı hərbi əməliyyatın tərkib hissəsidir. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin aşağıdakı ifadəsini xatırlatmaq yerinə düşərdi: “Soyqırımı strategiyası Ermənistanın Azərbaycana qarşı təcavüzünün tərkib hissəsinə çevrilmişdir”.
Göründüyü kimi, Xocalıda törədilmiş cinayət əməllərinin soyqırımı kimi tanınması və qiymətləndirilməsi, həmçinin cinayətkarların cəzalandırılması üçün kifayət qədər hüquqi əsas var. Azərbaycana qarşı törədilmiş cinayətlərlə bağlı 297 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və İnterpol vasitəsilə axtarışa verilib. Lakin indiyədək onlardan heç biri saxlanılaraq Azərbaycana təhvil verilməyib. İkili standartların mövcudluğunu, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin tərkibini nəzərə alaraq, Xocalı soyqırımı üzrə beynəlxalq tribunalın yaradılması yaxın perspektivdə real görünmür. Xocalı soyqırımından 32 il ötür. Nə qədər ki, bu soyqırım aktının canlı şahidləri, sağ qalan zərərçəkənlər həyatdadır, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinın müddəaları əsasında Xocalı soyqırımı üzrə qiyabi mühakimənin keçirilməsi zəruridir. Belə ki, Cinayət Prosessual Məcəllənin “Cinayət təqibi üzrə qiyabi icraatın açılması” adlanan 467-13-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100–119, 137, 144–145, 178, 179, 182, 193-1, 204, 205, 206, 206-1, 208, 214–219-1, 228, 274–283-1, 308–314-3, 318, 318-1, 319 və 324-cü maddələri, eləcə də həmin maddələrlə yanaşı, eyni bir cinayət işi çərçivəsində cinayətlərin məcmusu üzrə həmin Məcəllənin digər maddələri ilə ittiham olunan təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizləndiyi və ya çağırışa gəlməkdən qəsdən boyun qaçırdığı üçün cinayət prosesində şəxsən iştirakının təmin edilməsi mümkün olmadıqda onun barəsində cinayət təqibi qiyabi icraat qaydasında aparıla bilər.
Beynəlxalq təcrübədə qiyabi mühakimə Nürnberq tribunalının Nizamnaməsinin 12-ci maddəsi əsasında Adolf Hitlerin şəxsi katibi Martin Bormana münasibətdə baş verib. Deyilənləri nəzərə alaraq, Xocalı soyqırımı üzrə cinayət və cinayət-prosessual qanunvericilikləri əsasında milli məhkəmə prosesinin keçirilməsi və cinayətkarlara qarşı qiyabi də olsa məhkəmə hökmünün çıxarılması hüquqi baxımdan olduqca əhəmiyyətlidir. Hələ həyatda olan soyqırımı şahidlərinin ifadələri məhkəmə protokollarında, çıxarılacaq hökmdə öz əksini tapmalıdır. Fikrimcə, bu məsələdə cinayətkarların ekstradisiyasına nail olmadığına görə qiyabi mühakimə icraatını tətbiq edən Livan Xüsusi Tribunalının və Banqladeş Beynəlxalq Cinayətlər Tribunalının təcrübəsini nəzərə almaq olar.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azad edilməsi, konstitusiya quruluşu və suverenliyimizin tam bərpa edilməsi əli dinc azərbaycanlıların qanına batmış şəxslərin həbs olunmasına zəmin yaratdı.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri Vaqif Xaçaturyanın Laçın sərhəd-keçid məntəqəsində saxlanılaraq istintaqa cəlb edilməsi və məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilməsi onu deməyə əsas verir ki, Xocalı soyqırımını törətmiş digər şəxslər də Azərbaycan qanunları qarşısında cavab verəcəklər.

 

Xocalı faciəsi 2024-02-24 11:07:00