×
A
A
A
Sazlamalar

Qisasımız qiyamətə, torpaqlarımız mənfurlara qalmadı...

Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş “XOCALI: Tarixi Yaddaş” anım tədbiri keçirilib.
Tədbir Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) və "Böyük Qayıdış" Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılıb.
AZƏRTAC xəbər verir ki, tədbir ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçən qəhrəmanların, o cümlədən Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Anım mərasimində çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin sosial və humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayev Xocalı faciəsinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün kulminasiya nöqtəsi və tarixdə analoqu çox az olan hadisələrdən biri olduğunu deyib.
"Xocalıda törədilən amansız və ağlasığmaz vəhşiliklər müxtəlif foto və videolarda, şahidlərin danışdıqlarında əks olunsa da, həmin şəhərdə aşkarlanan kütləvi məzarlıqlar da bunun bariz nümunəsidir. Əfsuslar olsun ki, ilkin nəticələrə görə məzarlıqlardakı insan qalıqları daha çox qadın və uşaqlara aiddir. Ən dəhşətlisi isə odur ki, onların əl-qolları bağlı vəziyyətdə olub və işgəncə verilərək öldürülüblər. Silahsız, əliyalın qadın və uşaqlar onlara qarşı hansı təhlükəni törədə bilərdilər? Danışılandan çox danışılmayan və üzə çıxmayan məqamlar, hadisələr daha çoxdur. Bu qədər faktlar, sübutlar qarşısında dünya hələ də susur. Biz dünyanın demokratiyadan dəm vuran ölkələrinin susduğu ədaləti döyüş meydanında bərpa etdik, qisasımızı qiyamətə, torpaqlarımızı isə mənfurlara buraxmadıq. Döyüş meydanından Qələbə ilə ayrılsaq da, informasiya meydanında mübarizəmiz davam edir. Bu işdə gənclərin üzərinə böyük məsuliyyət düşür. Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında gənclərimiz öz güclərini və biliklərini səfərbər etməlidirlər".
Daha sonra çıxış edən Gənclər Fondunun direktor müavini Orxan Ərəbov, NAYORA-nın sədri Rəfael Hacıbəyli, "Böyük Qayıdış" Gənclər Təşkilatının sədri Nail Şükürov Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Zəfər nəticəsində ərazi bütövlüyümüzün bərpa olunmasından, həmin ərazilərdə aparılan bərpa-quruculuq işlərindən və sakinlərin öz doğma yurd-yuvalarına köçürülməsindən danışıblar. Ötən il keçirilən lokal antiterror tədbirlərindən sonra Xocalıya sancılan üçrəngli Azərbaycan Bayrağının soyqırımı yarasına məlhəm olduğunu deyən natiqlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən qətliama hələ də beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilmədiyini təəssüflə qeyd ediblər. Gənclərin Vətən müharibəsində göstərdiyi şücaətdən bəhs edən çıxışçılar onların informasiya cəbhəsində də aktiv mübarizə aparmaqlarının, öz bilikləri, əldə etdikləri dəqiq faktlarla Xocalı soyqırımını gələcək nəsillərə, o cümlədən beynəlxalq ictimaiyyətə çatdırmaqda fəallıq nümayiş etdirmələrinin vacibliyini qeyd ediblər.
Anım mərasimində o məşum gecədə başlarına gələnlərdən, erməni qəsbkarları tərəfindən törədilən amansız faciədən danışan Xocalı sakinləri Valeh Hüseynov və Samirə Hüseynova, həmçinin Aprel döyüşlərinin qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev xalqımızın sarsılmayan mübarizə ruhundan və rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində tarixi Qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etməsi ilə faciə qurbanlarının, eləcə də, bütün şəhidlərimizin qisasının alınmasından söhbət açıblar. Tezliklə Xocalıda həyatın durduğu yerdən davam edəcəyini, bir gecədə donan şəhərin doğma sakinlərin isti nəfəsi ilə buzunun açılacağını bildirən çıxışçılar bununla da faciə qurbanlarının narahat ruhlarının uzun illərdən sonra dinclik tapacağını diqqətə çatdırıblar.

Xocalı faciəsi 2024-02-23 19:01:00