×
A
A
A
Sazlamalar

Xocalını unutmadıq, unutdurmarıq!

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 23-də Azərbaycan Hərb Tarixi Muzeyində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş "Xocalını unutmadıq, unutdurmarıq!" adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, veteran təşkilatlarının nümayəndələri ilə birlikdə keçirilən tədbirdə əvvəlcə Xocalı faciəsi qurbanlarının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə deyib ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli tarixdə bənzəri çox az olan hadisələrdən biri - Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırımı olub. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərindəki keçmiş SSRİ-nin 366-cı motaatıcı alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişdilər. Əvvəlcə şəhər erməni qoşunları tərəfindən mühasirəyə alınıb, daha sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü, amansız atəş açılıb, az bir vaxt ərzində şəhər tamamilə alova bürünüb.
O bildirib ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb. Faciə baş verən gecə 1275 dinc sakin girov götürülüb. Bununla yanaşı ağıla gəlməyən vəhşiliklər zorakılıqlar törədilib. Bu faciəni törətməklə ermənilər xalqımızı qorxutmaq, onun mübarizə əzmini qirmaq, tarixi torpaqlarımızın bir hissəsini itirməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi.
Ən başlıcası isə odur ki, 44 gün davam etmiş Vətən müharibəsində şanlı Azərbaycan Ordusu işğalçı Ermənistanı tarixi torpaqlarımızdan qovub çıxardı. Hərb tariximizə heç zaman unudulmayacaq və həmişə qürur hissi doğuran səhifələr yazdı.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizi, o cümlədən Xocalı qurbanlarını bir daha dərin hörmətlə anırıq”, - deyə muzeyin rəisi vurğulayıb.
Tədbirin sonunda Xocalı faciəsi ilə bağlı şeirlər, həmçinin hərbi-vətənpərvərlik mövzusunda musiqilər səsləndirilib.

Xocalı faciəsi 2024-02-23 14:18:00