×
A
A
A
Sazlamalar

Küveytdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 23 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, mərasim iştirakçıları Xocalı soyqırımı qurbanlarının, eləcə də canlarını Vətənin müdafiəsi və azadlığı uğrunda fəda etmiş bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Səfir Emil Kərimov mərasimi açaraq bildirib: “Ötən əsrdə xalqımız dəfələrlə etnik təmizləməyə məruz qalıb, tarixi torpaqlarımız olan indiki Ermənistan ərazisindən qovulub, 20 Yanvar faciəsi, Qarabağ müharibələri, Xocalı soyqırımı, eləcə də Ağdaban, Qaradağlı, Başlıbel, Bağanıs Ayrım qırğınları və digər qanlı hadisələrin dəhşətini yaşayıb. Xocalı qırğını öz vəhşilik dərəcəsinə görə dünya miqyasında ən dəhşətli Holokost, Holodomor, Xatın, Xirosima-Naqasaki, Songmi, Ruanda soyqırımları kimi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir”.
Xocalı soyqırımının qurbanları haqqında danışan diplomat bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymətin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən verildiyini bildirib. O vurğulayıb ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun rolu böyükdür. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən bəri aparılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası soyqırımının dünyada tanıdılmasında xüsusi əhəmiyyətə malikdir.
Səfir qeyd edib ki, bu faciə İslam Əməkdaşlıq Təşkilatı, eləcə də dünyanın bir çox ölkələri tərəfindən də soyqırımı kimi tanınıb. O, çıxışının sonunda 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə ayağa qalxan igid oğullarımızın bədnam düşmənin işğalçılıq siyasətinə son qoyduqlarını və xalqımızın tarixinə parlaq Qələbə yazdıqlarını böyük qürur hissi ilə bəyan edib.
Anım mərasimində çıxış edən Azərbaycan-Küveyt “Vətənsevər” Dostluq Cəmiyyətinin sədri Könül Hacıyeva ermənilərin vəhşilikləri haqqında məlumat verərək bildirib ki, Azərbaycan əsgəri 44 günlük Vətən müharibəsində öz rəşadətini bütün dünyaya nümayiş etdirib.
Sonra tədbir iştirakçılarına Xocalı soyqırımına həsr edilmiş “Məhv edilmiş şəhər” sənədli filmi nümayiş etdirilib.
Tədbirin keçirildiyi zalda Xocalı soyqırımı ilə bağlı müxtəlif illərdə nəşr edilmiş kitab və jurnallar, bukletlər sərgilənib, eləcə də fotostend quraşdırılıb.

Xocalı faciəsi 2024-02-23 10:34:00