×
A
A
A
Sazlamalar

Sloveniyada Xocalı qurbanlarının xatirəsi yad edilib

Vyana, 22 fevral, AZƏRTAC

Sloveniyanın Maribor şəhərində yerləşən və müharibə qurbanlarının xatirəsinə ucaldılmış Dobrava Memorial Park Kompleksinin ərazisində Xocalı soyqırımının 32-ci ildönümünü ilə əlaqədar faciə qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, anım tədbiri Dobrava Memorial Park Kompleksinin ərazisində Xocalı qurbanlarına həsr olunmuş xatirə lövhəsi önündə keçirilib. Anım tədbirində çıxış edən ölkəmizin Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ən qanlı səhifəsi olan, 1992-ci ildə azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş Xocalı soyqırımı barədə danışıb, bu dəhşətli qətliamın və onun ağır nəticələrinin unudulmamasının vacibliyini vurğulayıb. Azərbaycan xalqına qarşı törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımının xüsusi amansızlığına diqqət çəkilib. Səfir erməni təcavüzünün ən amansız nümunəsi olan bu faciənin Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş yeganə cinayət hadisəsi olmadığını bildirərək, münaqişə dövründə Azərbaycanın bir çox başqa şəhər, qəsəbə və kəndlərində dinc sakinlərin oxşar vəhşiliklərə məruz qaldıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Eyni zamanda, bildirilib ki, Xocalı soyqırımını törədən, torpaqlarımızı, şəhərlərimizi yerlə-yeksan edən cinayətkarlar Azərbaycanın öz torpaqlarını işğaldan azad, suverenliyini bərpa etdikdən sonra həbs olunub və ədalət qarşısında cavab verəcəklər. Ədalətin zəfər çalmasının regiona sülh, normallaşma və barışıq ümidləri gətirdiyi qeyd edilib. Azərbaycanın Cənubi Qafqazda sülh və əməkdaşlığın təmin edilməsində maraqlı olduğu vurğulanıb, ölkəmizin Ermənistana sülh sazişinin imzalanmasını təklif etdiyi diqqətə çatdırılıb.
Anım tədbirində Milli Məclisin deputatı, Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyev, Sloveniya Milli Assambleyasında Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Boyan Çebela, Milli Məclisin deputatları Tahir Mirkişili, Tural Gəncəliyev, Avropada Əlamətdar Qəbiristanlıqlar Assosiasiyasının prezidenti Lidiya Pliberşek, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti və üzvləri, Maribor şəhərində fəaliyyət göstərən Sloveniya Müharibə Veteranlarının Regional Assosiasiyasının sədri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Sonra tədbir iştirakçıları Xocalı soyqırımının qurbanlarına həsr olunmuş xatirə lövhəsi önünə əklillər qoyublar.

 
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Maribor

Xocalı faciəsi 2024-02-22 18:40:00