×
A
A
A
Sazlamalar

Xocalı soyqırımından... Xocalı Zəfərinə

Bakı, 21 fevral, AZƏRTAC

Azərbaycanın Xocalı şəhəri XX əsrdə bir neçə dəfə erməni təcavüzünə məruz qalıb. 1905-1906-cı illərdə, 1917-1918-ci illərdə ermənilər Xocalıya hücum edərək bu yaşayış məntəqəsini viran qoyublar. 1992-ci ildə törədilmiş Xocalı soyqırımı isə təkcə azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş bir cinayət oldu.
Bu barədə AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universiteti Redaksiya-nəşriyyat işi kafedrasının müdiri Qarabağ müharibəsi veteranı Knyaz Aslan söyləyib.
Kafedra müdiri deyib: “O zaman mən Bakı Dövlət Universitetində çalışmaqla yanaşı, sayı çox az olan mərkəzi qəzetlərlə əməkdaşlıq edir, çeşidli mövzularda məqalələr yazırdım. 1987-ci ildə ermənilər Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək iddiasını qaldıranda mən daha çox Vətən yanğılı, Vətən ağrılı yazılar dərc etdirirdim. Əlbəttə, sovet rejimi zamanı, dövlət senzurasının mövcudluğu dövründə bu məqalələrin işıq üzü görməsi o qədər də asan iş deyildi. Budur, o dövrdə çap edilən “Azərbaycan gəncləri” qəzetinin 1991-ci il 9 aprel tarixli nömrəsi qarşımdadır.
Hələ Xocalı soyqırımından azı 10 ay əvvəl mən vətənpərvər oğul-qızlarımızın səsinə səs verib niyə haray qoparırdım? Kimi köməyə çağırırdım? Bəlkə də burada yazdıqlarım indi çoxlarına adi görünə bilər. Amma tarixin təkərini geriyə fırladaq. Söhbət sovet imperiyası dönəmindən gedir. Bu yazıdakı bəzi epizodlara nəzər salaq:
“Yollarımız erməni quldurlarının nəzarətindədir. Hamısı da təpədən-dırnağacan silahlıdır. Bu daşnak tör-töküntülərinin qarşısını alan yoxdur bəyəm? Nə qədər dözmək olar, axı?”
“Ermənilər işlərini çox ustalıqla qurur və başbilənlərimizi çaşdırmağı bacarırlar. İndi bircə nəfər də azərbaycanlı yaşamayan kəndlərimizi bax bu yolla əlimizdən çıxarırlar. Onlar 2-3 il əvvəl bizim yaşadığımız Həsənabad kəndini də beləcə “təmizlədilər... ”.
“Fevralın 14-də Ağdamdan Xocalıya gedən taksinin qarşısını erməni quldurları kəsir. Maşının işində beş-on günlük körpə, təzəcə ata-ana olmuş gənc var. Taksi sürücüsünün, cavan ata-ananın uzun-uzadı xahişinə məhəl qoymayan ermənilər: “O körpə bizim gələcək düşmənimizdir” deyirlər...”.
“...Fevral ayının 14-də Ağdamın Qaraağaclı qəbiristanlığı yaxınlığında Şuşaya gedən avtobusu erməni quldurları gülləbaran etmişdilər. 8 nəfər yaralanmış, 4 nəfər həlak olmuşdu. Şuşadan Gəncəyə gedib orada hərbi xidmətdə olan nəvəsi ilə geri qayıdan babanın səfəri qana dönmüşdü: həlak olanlardan ikisi nəvə və baba idi...”.
Knyaz Aslan vurğulayıb ki, paytaxt Bakıdan Xocalı rayonuna 375 kilometrlik məsafə olsa da, Moskvadan asılı vəziyyətdə qalan, mərkəzin göstərişləri ilə oturub-duran ozamankı respublika rəhbərliyi Azərbaycan torpağında azərbaycanlıları qorumaq üçün heç bir iş görə bilmədi. 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndi şəhərində yerləşən və Rusiyanın tabeliyində olan 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyilə Xocalı şəhərində soyqırımı törətdilər. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 nəfər Xocalı sakini əsir götürüldü, 150 nəfər itkin düşdü. Qana susamış erməni quldur dəstələri Xocalı əhalisini vəhşicəsinə qırmaqla kifayətlənmədilər. Onlar bəşəriyyətin nadir abidələrindən olan qədim tarixi abidələri, qəbiristanlıqları və s. yerlə-yeksan etdilər.
BDU-nun kafedra müdiri qeyd edib ki, o günlərdə Rusiyanın “Memorial” Hüquq-Müdafiə Mərkəzinin yaydığı məlumata əsasən, Xocalı yaşayış məntəqəsinin işğalı zamanı insan hüquqları kütləvi şəkildə pozulmuşdu. Xocalı faciəsi haqqında ABŞ, İngiltərə, Fransa, Türkiyə, Rusiya və digər ölkələrin aparıcı kütləvi informasiya vasitələri də müəyyən məlumatlar yayımlamışdı. Xatırladaq ki, Xocalı soyqırımı sonralar Ermənistanın prezidenti olmuş qaniçən Serj Sarkisyanın qanunsuz separatçı rejimin “özünümüdafiə qüvvələri komitəsi”nin rəhbəri olan dövrdə baş vermişdi.
“Amma cinayət cəzasız qalmır! Türk birliyinə qarşı birləşmiş düşmən qüvvələrinin ümidi puç oldu. Azərbaycan xalqını, türk millətini qətllərlə susdurmaq, müstəqillik yolundan döndərmək onlara nəsib olmadı. Azərbaycan mübarizələr savaşında hayqıraraq azadlıq ideyalarından bir an da geri çəkilmədi.
1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis hər il fevralın 26-nı “Xocalı Soyqırımı Günü” elan etdi. Azərbaycan hökuməti və parlamenti erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq üçün ardıcıl tədbirlər gördü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində təqdimatlar təşkil edilir”, - deyə BDU-nun kafedra müdiri vurğulayıb.
Knyaz Aslan diqqətə çatdırıb ki, Xocalı soyqırımının dünyada tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. İndiyədək Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Panama, Honduras, İordaniya, Cibuti, Şotlandiya və Rumıniya isə bu faciəni parlament səviyyəsində qətliam kimi qiymətləndirir. 2012-ci il noyabrın 20-də Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edilib. Bu günə qədər ABŞ-ın 23 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bundan başqa, Kanada, Meksika, İsrail, Moldova, Rusiya, İtaliya, Ukrayna, İndoneziya və başqa ölkələrin ayrı-ayrı dövlət və hökumət rəsmiləri, parlament üzvləri və ombudsmanları Xocalı faciəsinin bütün dünyanı sarsıdan bir soyqırımı olduğunu qeyd ediblər.
Türkiyə Xocalı soyqırımı ilə bağlı konfranslar, seminarlar, sərgilər, mitinq və yürüşlər səviyyəsində çox böyük fəallıq göstərir. Hələ 2016-cı ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında vurğulayıb ki, "Xocalı qətliamı bütün bəşəriyyətin dərs çıxarmalı olduğu hadisədir.
“Xocalı şəhəri 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan tamamilə təmizləndi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi, xalqımızın əyilmiş qəddini bir daha düzəltdi”, - deyə Knyaz Aslan fikrini yekunlaşdırıb.

Xocalı faciəsi 2024-02-21 18:40:00