Xocalı faciəsinin qurbanları Torontoda yad edilib
Bakı, 20 fevral AZƏRTAC
Kanadanın Toronto şəhərində Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə həmvətənlərimizlə yanaşı, Kanadada yaşayan müxtəlif icmaların üzvləri, siyasətçilər, tarixçilər və yerli ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.
Əvvəlcə Xocalı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi ehtiramla yad olunub.
“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova tədbir iştirakçılarına Xocalı faciəsi barədə ətraflı məlumat verib, xalqımızın məruz qaldığı bu amansız soyqırımının tanıdılmasının, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən danışıb.
Türkiyənin Torontodakı baş konsulunun müavini Mert Sav Azərbaycan və Türkiyə qardaşlığının əbədi olduğunu və türk xalqının Xocalı qətliamını heç zaman unutmayacağını bildirib.
Tarixçi professor İlqar Məmmədov Xocalıda baş verənləri Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri kimi qiymətləndirib və tarixi faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Kanadalı siyasətçilər Reza Moridi və Yasmin Ratansi çıxışlarında Xocalının 32 il əvvəl bəşər tarixinin ən amansız qətliamlarından birinə şahidlik etdiyini bildiriblər .
Tədbirin bədii hissəsində görkəmli bəstəkar Arif Məlikovun əsərlərindən ibarət kompozisiya təqdim olunub, “Azərbaycan Evi”nin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirib, Nuray Hüseynova təsirli ifası ilə yadda qalıb.
ELTV media qrupu ilə “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı əsasında “History of Azerbaijan” (“Azərbaycan tarixi”) layihəsi çərçivəsində hazırlanan, Xocalı faciəsini əks etdirən qısametrajlı sənədli filmin nümayişi və fotosərgi qonaqlar tərəfindən təqdirlə qarşılanıb.
Tədbirin moderatoru, tanınmış kanadalı siyasətçi Toni Ruprext Xocalı cinayətkarlarının beynəlxalq məhkəməyə cəlb olunmasının vacibliyini vurğulayıb.
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO