×
A
A
A
Sazlamalar

Professor: Xocalı soyqırımı erməni faşistlərinin Azərbaycan xalqına qarşı törətdiyi qanlı cinayətdir

Bakı, 19 fevral, AZƏRTAC

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciədən 32 il keçir. 1992-ci il fevralın 26-da Azərbaycan xalqına qarşı məqsədli şəkildə həyata keçirilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Ermənistan öz himayədarlarının köməyilə Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq istəyirdi.
Bu qanlı hadisə xalqımızın tarixində qara bir səhifədir. Eyni zamanda, bu faciə xalqımızın, vətəndaşlarımızın öz vətəninə, torpağına sadiqliyinin, sevgisinin, bağlılığının nümunəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universiteti Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov söyləyib.
Tarix fakültəsinin dekanı vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızın erməni faşistlərindən işğaldan azad edilməsi uğrunda apardığı Vətən müharibəsində bütün şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının intiqamı alındı. Bu il - 32 il sonra biz Xocalı soyqırımı qurbanlarının xatirəsini təkcə hüzn və kədərlə deyil, həm də Qarabağda - Şuşada, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə qazandığımız tarixi Zəfərdən, günahsız soydaşlarımızı qətlə yetirənlərə, şəhər və kəndlərimizi viran qoyanlara verdiyimiz cavabdan doğan yüksək əhvalla qeyd edirik ki, bununla da erməni faşizmi cəzasını aldı.
Xocalı soyqırımı bəşəri cinayətdir. Bu cür cinayətlərin nəticələri göstərir ki, belə qırğınları törədənlər axıradək cəzalandırılmasa, belə cinayətlərin kökü kəsilməyəcək, cəlladlar günahsız insanların qanını axıdacaqdır.
Bəşəriyyət öz həyatında qəddarlığı ilə dərin sarsıntılar, kütləviliyi ilə böyük dağıntılar yaratmış çoxsaylı qanlı qırğınlara və amansız müharibələrə şahidlik edib. Təkcə II Dünya müharibəsindən sonra dünyanın 158 regionunda 240-a qədər silahlı müharibə, toqquşma baş verib ki, bunların da 60 faizi - yarıdan çoxu XX əsrin 90-cı illərindən sonrakı dövrə düşür. Qeyd etdiyimiz bütün müharibələrin içərisində öz qəddarlığı, amansızlığı, insanlığa sığmayan vəhşilikləri ilə fərqlənən elə cinayət aktları var ki, onlar bütünlükdə bəşəriyyətə qarşı çevrilmiş qanlı cinayətdir.
1988-ci ildə Ermənistanda - Qərbi Azərbaycanda öz ata-baba torpaqlarında yaşayan 250 mindən çox azərbaycanlının qovulması ilə Cənubi Qafqazda etnik təmizləmə başlandı. Bu prosesdə 225 nəfər öldürüldü, 1154 nəfər yaralandı.
1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri və sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhəri yerlə-yeksan edildi. Erməni təcavüzkarlarının Azərbaycana qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər 2 valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı, 1275 nəfər isə əsr götürüldü. Əsr götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 20 uşağın taleyi bu günədək məlum deyil.
“Aparılmış təhlillər göstərir ki, amansızlığına, həyata keçirilmə üsullarına görə bəşər tarixində törədilmiş ən qəddar cinayətləri belə üstələyən bu soyqırımı aktı təkcə Azərbaycan türklərinə qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə, beynəlxalq sülhə qarşı törədilmiş ən ağır, ağlasığmaz cinayət idi. Həmçinin Xocalı faciəsinə qədər Qarabağda törədilən erməni terrorları bu faciənin məqsədli və düşünülmüş şəkildə həyata keçirilən etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğuna heç bir şübhə yeri qoymur. Xocalının mühasirəyə alınaraq mülki şəxslərin şəhəri tərk etməsinə imkan verilməməsi ermənilərin əsl niyyətini açıq şəkildə ortaya çıxarır. Xocalı qırğınını törətməklə erməni separatçıları bəşər tarixində ermənilik adına əbədi şərəfsizlik gətirən soyqırımı aktına imza atdılar.
Deyə bilərik ki, Xocalı faciəsi əslində, Azərbaycanda totalitar sovet rejiminin qaydalarını laxladan milli azadlıq hərəkatını boğmağa yönəldilmiş Qanlı Yanvar hadisəsinin davamı idi. Bu faciə, xalqımızın mübarizlik əzmini sındırmağa, xalqımızı qorxutmağa, Azərbaycanı yenidən asılı hala salmağa hesablanmış zorakılıq aktı idi. Xocalı faciəsinin törədilməsində erməni təcavüzkarlarına dəstək verənlər yenicə müstəqilliyini bərpa etmiş Azərbaycana öz gücünü nümayiş etdirirdi və öz niyyətlərini göstərirdilər. Onlar Azərbaycanın müstəqilliyinə imkan vermək istəmirdi.
Odur ki, 20 Yanvar və Xocalı faciələrinin insanlıq əleyhinə törədilmiş cinayət kimi tanıdılması təkcə Azərbaycan üçün deyil, həm də dünya birliyi üçün, sülh və əmin-amanlıq üçün beynəlxalq əhəmiyyət kəsb edir. Hələ 1994-cü ilin fevralında Milli Məclis tərəfindən Xocalı hadisələrinin soyqırımı elan olunmasından sonra Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən qəddar, ən ağır cinayətlərdən biri kimi daha geniş miqyasda anılmağa və tanınmağa başlandı.
Vətən müharibəsindən sonra, ərazi bütövlüyümüzün, bütün Azərbaycan ərazisində suverenliyimizin təmin olunmasından sonra Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesində, bir sıra qaranlıq məqamların açılmasında Xocalı soyqırımının tanıdılması xüsusi yer tutur. Qalib ölkənin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə Xocalı faciəsindən bəhs edərək, bu hadisəni törədənlərin əsl niyyətlərini, təkcə azərbaycanlılara qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş həmin cinayət aktının mahiyyətini açıq şəkildə ifadə edib”, - deyə professor İbrahim Zeynalov qeyd edib.
Professor vurğulayıb ki, Xocalı soyqırımının daha geniş miqyasda tanıdılması hər bir azərbaycanlının müqəddəs borcudur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə bir hərəkata çevrilib. Kampaniya çərçivəsində dünyanın onlarca ölkəsində Xocalı faciəsinə həsr olunmuş çoxlu sayda tədbirlərin keçirilməsi əsl həqiqətlərin, erməni faşistlərinin ölkəmizə qarşı yürüdülən təcavüzkar siyasətinin mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayır.
BMT tərəfindən 1948-ci ildə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada əks olunan müddəalara müvafiq olaraq, cinayət hadisələrini soyqırımı kimi xarakterizə edən bütün xüsusiyyətləri Xocalının acı taleyində görmək mümkündür.
“Azərbaycanın həyatında isə yeni bir mərhələ - azad olunmuş ərazilərin bərpası mərhələsi başlayır. Vaxtilə talanlara və qeyri-qanuni istismara məruz qalmış Qarabağ torpaqlarımızda artıq abadlıq-quruculuq işlərinə başlanılıb. Eyni zamanda, Azərbaycan xalqının düşmənlərini, Qarabağ torpağında faciələr törədən və onlara rəhbərlik edənlərin ədalət məhkəməsi başlanıb. Xocalı soyqırımına və digər cinayətkar aktların həyata keçirilməsinə görə cinayətkarlar ən layiqli cəzalarını alacaqlar”, - deyə professor İbrahim Zeynalov fikrini yekunlaşdırıb.

Xocalı faciəsi 2024-02-19 19:09:00