×
A
A
A
Sazlamalar

Yaxın günlərdə Xocalı itkinləri mövzusunda çəkilmiş “13” adlı bədii-sənədli filmin premyerası olacaq

Bakı, 17 fevral, AZƏRTAC
Əsir, girov və itkinlər mövzusuna müvafiq QHT layihələrində geniş yer verilməsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əsas prioritetlərindən biridir. Bu baxımdan Agentliyin maliyyə dəstəyi ilə “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin ərsəyə gətirdiyi “13” adlı bədii-sənədli filmdə Xocalı itkinlərindən ibarət 13 nəfərin naməlum taleyi araşdırılır.
AZƏRTAC xəbər verir ki, bədii-sənədli filmin müəllifi “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, telejurnalist və ssenarist Mübariz Əsgərov, rejissoru Elçin Elxanlı, prodüseri Xəyyam Abdulla, operatoru Əhməd Barasovdur. Çəkilişlərdə müxtəlif səhnələri canlandırmaq üçün onlarla aktyor iştirak edib.
Film 1992-ci ilin fevralında Xocalıda baş verən hadisələrə işıq salır. Belə ki, Xocalı soyqırımı zamanı iki gün meşədə gizləndikdən sonra Dəhraz kəndi istiqamətində mühasirəyə düşərək girov götürülən bir qrup dinc əhali həmin kənddəki fermaya aparılır. Orada ermənilər dinc insanlara amansız işgəncələr verirlər. Həmçinin fermada saxlanılan girovların arasından 13 gənc seçilərək naməlum istiqamətə aparılır. Həmin 13 nəfərdən bu günə qədər də xəbər yoxdur. Ekran işində həmin şəxslərin ailə üzvləri və yaxınları, hadisələrin canlı iştirakçıları ilk dəfə təfərrüatları açıqlayırlar.
Filmin Bakıda keçiriləcək premyerasından sonra bir sıra xarici ölkələrdə ingilis dilində nümayişi nəzərdə tutulur.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi bundan sonra da əsir, girov və itkinlər barədə peşəkar QHT layihələrini dəstəkləməkdə davam edəcək.

Xocalı faciəsi 2024-02-17 12:42:00