×
A
A
A
Sazlamalar

Vaşinqtonda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb

Bakı, 23 yanvar, AZƏRTAC

ABŞ-ın paytaxtı Vaşinqtonda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb.
Bu barədə AZƏRTAC-a Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, səfirliyin təşkilatçılığı ilə baş tutan anım tədbirində əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən ölkəmizin ABŞ-dakı səfiri Xəzər İbrahim bildirib ki, 20 Yanvar hadisələri xalqımızın tarixinə həkk olunmuş qanlı faciələrdən biridir. Diplomat qeyd edib ki, keçmiş sovet imperiyası ordusunun qarşısına silahsız, əliyalın çıxaraq Vətən üçün canlarından keçən 20 Yanvar şəhidlərinin qəhrəmanlığı dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyidir. Şəhidlərimizin əziz xatirəsinin heç vaxt unudulmayacağını vurğulayan, hər bir azərbaycanlının əl-ələ verərək şanlı Azərbaycanın qələbələrini daha da artıracağına əminliyini ifadə edən səfir dövlətimizin daha da güclü olması üçün diplomatik korpusun bundan sonra da fəal iş aparacağını deyib.
Azərbaycanın ABŞ-dakı hərbi attaşesi Rüstəm Gözəlov çıxışında 20 Yanvarın müstəqillik tariximizdə xalqımızın cəsarətli addımlarını əks etdirən səhifələrdən biri olduğunu diqqətə çatdıraraq faciənin tarixindən bəhs edib.
Tədbir çərçivəsində səfirliyin inzibati binasının önündə Qanlı Yanvara həsr olunmuş guşə yaradılıb. Guşədə 20 Yanvar faciəsi haqqında məlumatlar və hadisənin dəhşətli anlarını əks etdirən fotolar nümayiş olunub.

20 yanvar 2024-01-23 01:15:00