×
A
A
A
Sazlamalar

Misir mediası 20 Yanvar faciəsindən yazıb

Bakı, 22 yanvar, AZƏRTAC

Misir Ərəb Respublikasının bir çox aparıcı kütləvi informasiya vasitələrində Azərbaycanın Misirdəki səfiri Elxan Poluxovun "Qara yanvar - Azərbaycanın müstəqillik tarixinin unudulmaz səhifəsi" sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə 34 il əvvəl - 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Azərbaycanda istiqlal hərəkatını boğmaq üçün paytaxt Bakıya yeridilməsi və dinc əhaliyə qarşı misli görünməmiş amansızlıqla törətdiyi qırğın nəticəsində aralarında qocalar, qadınlar, uşaqlar və hətta tibb işçiləri olan 133 nəfərin həlak olması, 700-dən çox insanın yaralanması haqqında məlumat verilir, bu hadisənin müasir Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil olduğu qeyd edilir.
Yazıda faciəvi hadisələrdən dərhal sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyində mətbuat konfransı keçirərək bu vəhşiliyi kəskin şəkildə pisləməsi, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etməsi öz əksini tapıb. Səfir bu hadisənin Azərbaycan xalqının azadlıq mübarizəsini dayandıra bilmədiyini və nəticədə 1991-ci il oktyabrın 18-də ölkənin öz müstəqilliyini bərpa etdiyini vurğulayıb.
Məqalədə, həmçinin faciəli nəticələrinə baxmayaraq, 20 Yanvarın Azərbaycan tarixinə ən şanlı səhifələrdən biri kimi yazıldığı, hər il olduğu kimi, bu il də yüz minlərlə insanın Şəhidlər xiyabanını ziyarət edərək faciə qurbanlarının əziz xatirəsini ehtiramla andıqları bildirilib.
İki dost ölkənin münasibətlərinə toxunan müəllif, Misirin ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələr sırasında olduğunu, dövlətlərimiz arasında sıx əlaqələrin mövcudluğunu və bir çox beynəlxalq əhəmiyyətli məsələlərdə vahid mövqedən çıxış etdiklərini vurğulayıb.

20 yanvar 2024-01-22 11:05:00