×
A
A
A
Sazlamalar

Berlində 20 Yanvar faciəsinin qurbanları anılıb

Berlin, 21 yanvar, AZƏRTAC

20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Almaniyadakı səfirliyində anım tədbiri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Qanlı Yanvar faciəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev 1987-ci ildən başlayaraq Ermənistanda azərbaycanlılara qarşı qırğınların törədildiyini, 250 mindən çox azərbaycanlının tarixi torpaqlarından didərgin salındığını qeyd edib. Bildirib ki, bu qırğınlar və Azərbaycana qarşı irəli sürülmüş ərazi iddiaları haqlı olaraq xalqımızın hiddətinə və Azərbaycanda milli azadlıq hərəkatının daha da baş qaldırmasına səbəb olub. Nəticədə milli azadlıq hərəkatının yatırılması məqsədilə sovet qoşunları tərəfindən Bakıda qanlı faciə törədilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev faciədən dərhal sonra - yanvarın 21-də öz həyatını təhlükə qarşısında qoyaraq ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəlib, bu qanlı cinayətə sərt şəkildə etirazını bildirib. Sonrakı illərdə məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib, bu tarix Ümumxalq Hüzn Günü elan olunub.
Səfir Qanlı Yanvar faciəsinin Azərbaycan xalqının əzmini qıra bilmədiyini, əksinə onun azadlıq uğrunda mübarizəsini daha da alovlandıraraq respublikada sovet hakimiyyətinə son verdiyini və 1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyini vurğulayıb.
Azərbaycan-Almaniya Forumunun icraçı direktoru Pərviz Yazdani çıxışında 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli özünüdərk prosesindəki rolundan danışıb. Almaniyanın yenidən birləşməsi və Azərbaycanın SSRİ-dən ayrılaraq öz müstəqilliyini bərpa etməsi arasında müqayisə aparan Yazdani 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixi yaddaşına əbədi həkk olunduğunu bildirib.
Tədbir Berlində fəaliyyət göstərən azərbaycanlı pianoçu Fidan Ağayeva-Edlerin ifası ilə davam edib.
Anım tədbiri çərçivəsində, həmçinin faciə ilə bağlı fotosərgi təşkil olunub.
Sonda Qara Yanvar şəhidlərinin xatirəsinə ehsan verilib.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

20 yanvar 2024-01-21 20:37:00