×
A
A
A
Sazlamalar

Gürcüstanlı gənclər: 9 Aprel və 20 Yanvar qızıl hərflərlə yazılmış şanlı tariximizdir

Tbilisi, 20 yanvar, AZƏRTAC

Azərbaycan və gürcü xalqları tarixən qonşu və dost ölkələr olublar. Hər iki xalq tarixən demək olar ki, oxşar taleyi yaşayıb. Dövlətçilik tarixi və müstəqillik uğrunda da eyni mübarizə aparıb, oxşar təzyiqlərlə üzləşiblər.
Tale elə gətirib ki, 1918-ci ilin may ayında Tbilisidə Gürcüstan və Azərbaycan demək olar ki, eyni vaxtda (1918-ci il mayın 26-da Gürcüstan, 1918-ci il mayın 28-də isə Azərbaycan) milli dövlət müstəqilliyini elan ediblər. Hər iki ölkənin müstəqilliyi də demək olar ki, eyni vaxtda süquta uğrayıb. Sovet imperiyasının iflası dövründə də hər iki xalq demək olar ki, eyni vaxtda müstəqilliyinin bərpası uğrunda mübarizəyə başlayıb. Lakin sovet imperiya qüvvələri bu xalqların milli müstəqillik arzusunu boğmaq üçün qatı cinayətlər, kütləvi qətllər törədib.
1989-cu il aprelin 9-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində sovet hakimiyyətinə qarşı xalq üsyanı baş verib. Mitinqlər Abxaziyanın Gürcüstan SSR-in tərkibindən çıxmaq tələbindən sonra başlamışdı. Sonra isə nümayişçilər Gürcüstanın müstəqilliyi barədə şüarlar səsləndiriblər.
Sovet imperiya qüvvələri xalqın azadlıq arzusunu boğmaq üçün güc tətbiq edib. Tərəflər arasında baş vermiş toqquşmalar nəticəsində 21 nəfər həlak olub, azı 100-ə yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 9 aprel tarixi bu gün Gürcüstanda Milli Birlik Günü kimi qeyd edilir.
Həmin dövrdə Azərbaycanda xalq küçələrə axışaraq müstəqillik uğrunda mübarizəyə qalxıb. Ciddi qorxuya düşmüş imperiya qüvvələri Azərbaycan xalqının azadlıq sevgisini boğmaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridib. Bakıda və ölkənin müxtəlif bölgələrində kütləvi qırğınlar törədib. Nəticədə Bakıda və bölgələrdə 150-yə yaxın insan şəhid olub, 400-dən çox insan həbs edilib, 744 nəfər yaralanıb, 10-a yaxın insan isə itkin düşüb.
Bu gün bu qanlı faciələrdən 34 və 35 il keçir. Bəs Gürcüstanda yaşayan gənclər bu faciələr haqqında nə düşünürlər?
AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Azərbaycanlı və gürcü gənclərin bununla bağlı fikirlərini öyrənib.

Laqodexi rayonunun Qabal kəndindən olan gənc müəllim Elvin Tağıyev deyir: “Mən Gürcüstan azərbaycanlısı olaraq hər il 9 Aprel və 20 Yanvar faciələrinin ildönümünü qeyd edəndə çox dərin kədər hissi yaşayıram. Müstəqillik, azadlıq uğrunda mübarizə aparan xalqlarımıza necə divan tutublar. İstər Tbilisi, istərsə də Bakı şəhidlərin qanına boyanıb. Bu barədə danışmaq çox ağırdır. Lakin eyni zamanda, həm də, qürur hissi keçirirəm. Ona görə ki, sovet imperiya qüvvələrinin qəddarlığına, amansızlığına baxmayaraq gürcü xalqı 1989-cu il aprelin 9-da, Azərbaycan xalqı isə 1990-cı il yanvarın 20-də imperiya qüvvələrinə boyun əyməyiblər. Öz qanları ilə xalqlarımızın şanlı qəhrəmanlıq tarixini yazıblar. 9 Aprel və 20 Yanvar faciəli bir tarix olmaqla yanaşı, həm də qəhrəmanlıq tariximizdir. Müasir gənclik məhz azadlığımız, suverenliyimiz və müstəqilliyimiz uğrunda canlarından keçmiş şəhidlərimizin sayəsində rahat yaşayır.
Doğrudur biz, o faciələrin canlı şahidi olmamışıq. Məktəblərdə keçdiyimiz dərslər zamanı aldığımız bilgilərlə yanaşı, bu gün tariximizlə bağlı mətbuatda dərc olunan məlumatlar sayəsində dolğun məlumatlar alırıq. Düşünürəm ki, müasir gənclik tariximizi unutmamalı, şəhidlərimizin xatirəsini daim uca tutmalı və yaşatmalıdır. Hamımız dərk etməliyik ki, unutsaq, unudularıq. Tarixi unudanın isə gələcəyi olmaz. İnşallah xalqlarımız bu ağrı-acını bir daha yaşamazlar.
Allah şəhidlərmizə rəhmət eləsin!

Gürcü gənc jurnalist Nino Kervalişvili isə hadisələrə belə münasibət bildirib ki, Gürcüstan ilə Azərbaycanın çoxillik dostluğu var. Demək olar ki, eyni tarixi yaşayıblar. Milli dövlətçilik, müstəqillik mübarizələri də eyni olub və bu yolda eyni problemlərlə qarşılaşıblar. Xüsusən də 90-cı illərdə. Sovet İttifaqının dağılması ərəfəsində Azərbaycan və gürcü xalqları yenidən müstəqillik mübarizəsinə başlayıb. Xalqların müstəqillik arzusunu boğmaq istəyən sovet imperiyası hər iki ölkənin ərazilərinin işğalının əsasını qoydu. Sonra da qətliamlar törədərək xalqın azadlıq arzusunu boğmağa çalışdı. Düzdü xalqlarımız müstəqilliyinə yenidən qovuşa bildi, amma, ərazilərimiz işğal olundu. Təəssüf ki, işğal nəticəsində çoxlu insan zərər çəkdi, onların arasında qurbanlar da oldu. Mən çox şadam ki, Azərbaycan uzun illər işğaldan sonra öz torpaqlarını geri qaytarıb. Bununla həm də şəhidlərinin intiqamını alıb. Ən böyük arzumdur ki, Gürcüstanım da torpaqlarını işğaldan azad etsin. Bu yolda biz gənclərin üzərinə böyük məsuliyyət düşür. Gənclər qanlı və şanlı tariximizi unutmamalıdırlar. Vətənpərvərlik ruhu yüksək olmalıdır.
“Çox ümid edirəm ki, biz tezliklə işğal olunmuş torpaqlarımızın geri qaytarılmasının şahidi olacağıq və bunu böyük bayram olaraq qeyd edəcəyik! Mən, həmçinin, ölkələrimiz uğrunda canlarını fəda etmiş qəhrəmanlara xüsusi və dərin ehtiramımı bildirirəm. Keçmişimizi unutmayaq! İşğala yox deyək!”.

İlya Dövlət Universitetinin ikinci kurs tələbəsi Aysun Əhmədova isə deyib: “Çoxlarımızın bildiyi və elə tarixdən də məlum olduğu kimi, Azərbaycan və gürcü xalqı öz azadlıqları uğrunda illər boyu mübarizə aparıblar. Bu xalqların mübarizəsinin bariz nümunəsi məhz elə 9 aprel və 20 yanvar tarixləridir.
1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet qoşunları Bakı şəhərinə soxularaq şəhəri qana boyayıblar. Dinc əhalini, qadınları, yaşlıları, günahsız körpələri öldürüblər.
Bu tarixi hadisəni 1989-cı il aprelin 9-da Gürcüstan da yaşayıb. Sovet ordusu vəhşi hərəkətlərini məhz Tbilisi şəhərində də həyata keçirib. Çəkilən o qədər əziyyətə və verilən qurbanlara baxmayaraq hər iki xalq öz azadlığı uğrunda son damla qanına qədər mübarizə aparıb. Biz əgər bu gün azad yaşayırıqsa bunu şəhidlərimizə borcluyuq. Ona görə də heç vaxt 20 Yanvar və 9 Aprel tarixlərini nə unutmamalıyıq, nə də unutdurmamalıyıq. Çünki unutsaq unudularıq. Biz yaşadığımız müddətdə bu tarixləri də yaşatmalı, hər il şəhidlərimizi ehtiramla anmalıyıq. Gələcək nəsillər də bilməlidir ki, xalqımız azadlığı uğrunda mübarizədən qorxmayan qəhrəman xalqdır.
Mən Gürcüstanda yaşayan bir Azərbaycanlı kimi fəxr edirəm ki, hər iki vətənimdə xalqımız tarixə heç zaman silinməyəcək layiqli, şərəfli imzasını atıb”.

"QafqazTürk Media"nın redaktoru Hacı Xəlilov da hesab edir ki, nə 9 Aprel, nə də 20 Yanvar şəhidləri unudulmamalıdır. O deyib: “9 Aprel və 20 Yanvar yaddaşımıza qanla yazılmış tarixlərdir. Biz gənclər bu mübarizədə igid və mərd bacı-qardaşlarımızı itirmişik. Onlar vətənin hürriyyəti üçün canlarından və qanlarından keçdilər. Bu gün biz onları unutsaq özümüzü, keçmişimizi unutmuş olarıq”.
Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan tarix boyu öz ərazilərində gözü olan düşmənlərə qarşı mübarizə aparmışdır və bu gün də siyasi arenada mübarizələrini davam etdirirlər.
“Milli dövlətimiz olan Azərbaycan bəzi xarici qüvvələrin dəstəyini alan düşmənə əvvəlcə 44 günlük müharibədə, sonra isə cəm 24 saat davam edən lokal antiterror tədbirləri zamanı dəmir yumruğu göstərmiş və işğal altında olan əraziləri düzgün siyasi strategiya ilə azad etmişdir. Mən, Gürcüstanda yaşayan Azərbaycan türkü olaraq, vətənim Gürcüstana da eyni zəfəri arzulayıram. Bu gün Gürcüstan düzgün siyasi strategiya ilə uğurlar qazanır və ümid edirəm ki, bu uğurlar işğal altında olan ərazilərimizin azad edilməsi ilə davam edər. “Tariximizi, keçmişimizi, qəhrəmanlarımızı unutmayaq, unutdurmayaq!

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

20 yanvar 2024-01-20 20:11:00