×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şamaxıda anım mərasimi keçirilib

Şamaxı, 20 yanvar, Rəşad Türkoğlu, AZƏRTAC

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şamaxı şəhərində anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüb, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyublar.
Sonra Qanlı Yanvar faciəsində şəhid olmuş rayon sakinləri Məmmədov Vidadi Üzeyir oğlu və İsrayılov Ağanəzər Araz oğlunun Şamaxı şəhərinin Yeddi Günbəz və Laləzar qəbiristanlıqlarındakı məzarları ziyarət edilib, ailələrinə başsağlığı verilib.
Anım gününə həsr olunmuş dəyirmi masada çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Şamaxı rayon bölməsinin sədri Ağarza Bayramov, rayon Ağsaqqallar Şurasının sədri Mail Alıcanov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru Tünzalə Yusifova 20 Yanvarın Azərbaycanın müasir tarixinə faciəli günlərdən biri, eyni zamanda, xalqımızın milli azadlıq mübarizəsinin və yenilməz iradəsinin rəmzi olduğunu bildiriblər. Azərbaycan xalqının hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad etdiyi, bu qanlı tarix barədə həqiqətlərin, eləcə də Azərbaycan xalqının müstəqillik əzminin sarsılmazlığının bütün dünyaya çatdırıldığı vurğulanıb.
Saat 12:00-da respublikanın hər yerində olduğu kimi, Şamaxı rayonunda da 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyatın və piyadaların hərəkəti bir dəqiqəlik dayandırılıb, Dövlət Bayrağı endirilib.

20 yanvar 2024-01-20 19:22:00